Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.1.2018

"Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi haqqında bəzi qeydlərim

Baba MƏHƏRRƏMLİ

Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent


"Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanıb və ictimaiyyətə geniş müzakirə üçün təqdim olunub. Orfoqrafiya Komissiyasının üzvləri respublikamızın çox dəyərli ziyalıları, tanınmış dilçi-alimlərdir. Orfoqrafiya qaydaları yalnız geniş müzakirədən sonra təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndəriləcək.
Son zamanlar mətbuatda bu qaydalarla bağlı müzakirələr aparılır, həm haqlı, həm də haqsız fikirlər səsləndirilir. Hətta bəzi tanınmış ziyalılar yeni orfoqrafiya lüğətinin və qaydalarının tərtibinə ehtiyac olmadığını bildirirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli Dövlət dili haqqında Qanununun 13-cü bəndinə əsasən orfoqrafiya lüğəti 5 ildən bir dəyişdirilməlidir. Yəni orfoqrafiya lüğətinin dəyişdirilməsi dövlətimizin qanunu ilə tənzimlənir. Dilçilik İnstitutu bu işi özbaşına həyata keçirə bilməz. Əgər yeni orfoqrafiya lüğəti tərtib edilirsə, həmin lüğətin əvvəlində orfoqrafiya qaydaları da verilməlidir. Bu, hər zaman belə olub. Həmin qaydalar da Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Digər tərəfdən, “Orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü ildə çap olunmuş 110 563 sözdən ibarət 6-cı nəşrində yol verilən qüsurları aradan qaldırmaq üçün yeni orfoqrafiya lüğətinin tərtib olunmasına ehtiyac var. Uzun müddətdir mətbuatda həmin lüğət kifayət qədər tənqid edilmişdir. Çünki həmin lüğətdə artıq dilimizi tərk etmiş ərəb və fars sözləri, süni sözlər, arxaik sözlər, dialekt sözləri yer alıb. Həmin lüğətdə dilimizə daxil olan yeni sözlər öz əksini tapmayıb. Yeni orfoqrafiya lüğətinə iki minə yaxın yeni sözün daxil edilməsi nəzərdə tutulur.
Təəssüf ki, mətbuatda bu məsələ ilə bağlı bəzən qərəzli münasibət də öz əksini tapır, verilən informasiyalar reallığı əks etdirmir, elmi dəlillərə əsaslanmayan, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Məlumatlarda göstərilir ki, guya bu qaydalar artıq təsdiqlənmişdir. Halbuki “Yeni orfoqrafiya qay-daları” hələ layihə səviyyəsindədir. Bu qaydaların müzakirəyə verilməsinin məqsədi odur ki, ictimaiyyət yeni qaydalarla tanış olsun və ona münasibət bildirsin, nəticədə, layihə ilə bağlı dəyərli fikirlər sonda nəzərə alınsın. Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu yeni qaydalarla bağlı təklifləri, müsbət fikirləri mütləq nəzərə alacaq, bütün tənqidi mülahizələri təhlil edəcək və ortaq qərar qəbul edəndən sonra Nazirlər Kabinetinə təqdim edəcək. Biz razıyıq ki, qaydalarda kifayət qədər müzakirə olunmalı, izaha ehtiyacı olan məsələlər mövcuddur. Ancaq bu məsələləri səbrlə, təmkinlə həll etmək lazımdır. Bu qaydaların müzakirəsi adı altında Dilçilik İnstitutuna hücum etməyə isə heç bir lüzum yoxdur. Dilçilik İnstitutunun 73 illik şərəfli tarixi var. Dilçilik İnstitutu dövlətimizin əsas dilçilik mərkəzi kimi hər zaman ana dilimizin saflığının qorunması sahəsində xidmət göstərmişdir.
Sosial şəbəkələrdə orfoqrafiya qaydaları ilə bağlı Dilçilik İnstitutunda çalışan alimlərimizin təhqir dolu ifadələrlə alçaldılması nə mədəniyyətimizə, nə də mənəviyyatımıza yaraşan hadisədir. Dilçilik İnstitutu vaxtilə Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Afad Qurbanov, Vaqif Aslanov, Tofiq Hacıyev kimi dünya şöhrətli alimlərin çalışdığı bir elm məbədidir. Dilçilik İnstitutu tarixi ənənələri olan bir qurumdur. Bu gün Dilçilik İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Möhsün Nağısoylu, Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Akademiyasının fəxri üzvü, Əməkdar elm xadimi Qəzənfər Kazımov, professor Kamilə Vəliyeva, professor Məsud Mahmudov, professor Oruc Musayev, professor İsmayıl Məmmədli, professor Roza Eyvazova, professor Sevil Mehdiyeva, professor Qara Məşədiyev, professor İsmayıl Kazımov, professor Sayalı Sadıqova kimi tanınmış dilçi-alimlər çalışır. Onlar ömürlərinin böyük bir qismini Azərbaycan dilinin tədqiqinə həsr ediblər. Bu cür insanların çalışdığı kollektivin əməkdaşlarını təhqir etməyə heç kəsin mənəvi haqqı yoxdur. Nəsimi adına Dilçilik İnstitutunun alimləri dövlətimizə və xalqımıza hər zaman sədaqətlə xidmət etmiş ziyalılardır.
Müzakirəyə verilən qaydalar 69 maddədən ibarətdir. Mətbuatda iddia olunur ki, 69 maddə həddindən artıq çoxdur. Halbuki orfoqrafiya lüğətində qaydalar və prinsiplər nə qədər çox olsa, insanlar üçün orfoqrafiya lüğətinin istifadəsi daha asan olar. Müqayisə üçün göstərək ki, Türkiyədə türk dilinin orfoqrafiya lüğəti olan “Yazım Kılavuzu”nda 100-dən çox qayda var və həmin lüğət Türk Dil Kurumu tərəfindən 27 dəfə nəşr olunmuşdur.
Orfoqrafiya lüğəti cəmiyyətin müxtəlif təbəqələri üçün nəzərdə tutulur. Əvvəlki lüğətdə 38 maddə verilmişdi. Ancaq həmin maddələr yazımızda ortaya çıxan bir sıra sualları cavablandıra bilmirdi. Məsələn, apostrof işarəsi orfoqrafiyamızda ləğv olunandan sonra cürət, məşəl, vüsət tipli sözlərin sətirdən sətrə keçirilməsi məsələsində bir anlaşılmazlıq yaranmışdı. İndiki qaydalarda yazılır ki, həmin sözlər sətirdən sətrə cü-rət, mə-şəl kimi keçirilməlidir. Bu izah da mövcud anlaşılmazlığa son qoyur.
Mətbuatda iddia olunur ki, yeni orfoqrafiya qaydalarında Baş Nazir sözünün ilk hərflərinin böyük hərflə yazılması təklif edilir. Halbuki “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində bu qayda verilmişdir, yəni həmin qayda heç də yeni deyil. Eyni zamanda iddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılmışdır. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsədəuyğundur. Yəni bu tipli məlumatlar sübut edir ki, bəzi insanların əvvəlki qaydalardan xəbəri yoxdur. Yazılan bəzi şərhlərdə məlumatsızlıq, qeyri-obyektivlik özünü göstərir. Ona görə də mətbuatda ədalət və obyektivlik prinsipləri gözlənilməlidir. Təbii ki, Nəsimi adına Dilçilik İnstitutu orfoqrafiya qaydaları ilə bağlı ziyalılarımızın haqlı irad və təkliflərini nəzərə alacaq və tezliklə yeni orfoqrafiya lüğətini xalqımızın istifadəsinə verəcək.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.