Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
5.1.2018

Azərbaycan dialektoqrafiyası – 60

Qüdsiyyə Qəmbərova
AMEA Nəsimi adına Dilçilik İnstitutu
Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi
işçisi, filologiya üzrə fələfə doktoru,dosent

XX əsrin 50-ci illəri Azərbaycan dialektologiyasının elm kimi mərhələlər üzrə işlənməsi dövrüdür. Hələ o zaman Azərbaycan Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dialektologiya şöbəsində elmi-tədqiqat işləri üç istiqamətdə gedirdi. 1) Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqi 2) Azərbaycan dilinin dialektoloji atlasının hazırlanması 3) Azərbaycan dilinin dialektoloji lüğətinin tərtibi.
1957-ci ildə Türk dillərinin dialektologiyası məsələlərinə həsr olunmuş I Regional Müşavirənin qərarına əsasən Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Dialektologiya şöbəsi qarşısında dialektoloji atlasın tərtibi planını hazırlamaq məsələsi qaldırılır.
Məlumdur ki, Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrinin tədqiqi dialektoloji atlasın tərtibinə xidmət edir. İlk təcrübə kimi öyrənilməsi əsasən başa çatmış hesab edilən şərq qrupu dialekt və şivələri dialektoloji atlas üçün obyekt seçildi. Bu iş 1957-ci ildə başlandı və 1965-ci ildə başa çatdırılması qərara alındı.

ŞƏKİLDƏ: “Azərbaycan dilinin şərq qrupu dialektoloji atlası” nın bir xəritəsi.

Sözsüz ki, atlasın tərtibi üçün ilk növbədə proqramın hazırlanması ən vacib məsələ idi. Proqram Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinin ən spesifik cəhətlərini özündə əks etdirməli idi. Bu tələblərə tam mənası ilə cavab verən proqram tərtib olundu və 1958-ci ildə “Azərbaycan dilinin dialektoloji atlasının tərtibi üçün toplanan materialların proqramı” adı ilə çapdan çıxdı. Cəmi 197 sualdan ibarət olan proqramda 56 sual fonetika, 47 sual qrammatika, 94 sual leksika bəhsinə aid idi. Proqramın fonetika və leksika bölməsini professor M.Ş.Şirəliyev, morfologiya və sintaksis hissəsini isə dosent R.Rüstəmov tərtib etmişdilər.
Professor M.Ş.Şirəliyev 1960-cı ildə çap olunmuş “Voprosı dialektoloqii tyurkskix yazıkov” jurnalınin II cildində dərc etdirdiyi “Azerbaydjanskaya dialektoloqiya na novom etape” adlı məqaləsində Azərbaycan SSR-in şərq rayonlarından proqram üzrə material toplanması və onların kameral işlənməsi prosesinin getdiyindən bəhs edirdi.
Qarşıya qoyulmuş plana əsasən 1961-ci ildə material toplanması və kameral işlənmə başa çatmalı idi. 1962-ci ildən şərq qrupu dialekt və şivələrinin səciyyəvi dialekt fərqləri dilin fonetik, qrammatik və leksik səviyyəsində 50 xəritədə kartoqrafiyalaşdırılmalı idi.
Qeyd etmək lazımdır ki, şərq qrupu dialekt və şivələrinin fonetik xüsusiyyətləri 24, qrammatik səciyyəsi 17, leksik cəhətləri isə cəmi 9 xəritədə öz əksini tapmalı idi. Atlasın proqramına görə, şərq qrupu dialekt və şivələrinin səciyyəvi fonetik əlamətinin 11-i sait səslərin əvəzlənməsinə (a-ə; a-e; a-o; a-u; ə-i; ə-e; ə-ö; e-i; i-ı; u-ı; o-u; ö-ü), 9-u samit səslərin keçidinə (b-p; b-m; d-t; b-v; y-v; y-g; x-g; k-g; z-s), 4-ü fonetik hadisələrə (söz əvvəlindən y və h səslərinin düşümü və artırılması; söz ortasında və sonunda diftonqlaşma) aid idi.
Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinin qrammatik əlamətlərinin atlasda əks olunması məqsədilə tərtib edilmiş 17 xəritədən 11-i morfoloji, yalnız 4-ü sintaktik xüsusiyyətləri əhatə edirdi.
Morfoloji dialekt xüsusiyyətlərinin 3-ü isimə, 2-si sifətə, 1-i əvəzliyə, 7-si feilə aid idi. Tədqiq olunan şivənin sintaktik xüsusiyyətləri cəmi 4 sualla təmsil olunaraq yalnız söz birləşmələrinə həsr olunmuşdu. Suallardan 2-si isimi, 2-si feili birləşmələrin səciyyəviliyini əks etdirməli idi.
Leksika bölməsində nəzərdə tutulmuş məsələlər arasında əsas yeri ev və məişət əşyalarının adları, həmçinin insan və onun əlamətlərini bildirən sözlər tuturdu. İctimai birlik formalarının (tayfa, tirə, coğa, oymağ və s.), yaşayış sahəsinin(balxon, eyvan, artırma, qulangəriş və s.), bitki adlarının (albalı, qarğıdalı), məişət əşyalarının (aşsüzən, su qabı), həmçinin xəsis, bekar, kök kimi sifətlərin şivə variantlarının yayılma areallarını əks etdirmək nəzərdə tutulmuşdu.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin şərq qrupuna dair tərtib olunmuş proqram əsasında lal xəritələr üzərində iş aparılsa da, kartoqrafik işlənmə, atlas halında çap olunma həyata keçməmişdir. Yalnız müəyyən nümunələr türk dillərinin dialektologiya məsələlərinə dair ümumittifaq müşavirələri ilə əlaqədar düzəldilmiş sərgilərdə nümayiş etdirilmiş, mütəxəssislərin rəy və təklifləri öyrənilmişdir.
Beləliklə, 1965-ci ildə Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinin dialektoloji atlasının tərtib işi yalnız ayrı-ayrı vərəqlər üzərində əlyazma formasında başa çatdı.
1966-cı ildən “Azərbaycan dilinin dialektoloji atlası” nı hazılamaq məqsədi ilə respublikanın ərazisindən material toplanması yenidən davam etdirildi.
Sonradan əməkdaşların 500-dən çox yaşayış məntəqəsindən topladıqları materialların 409-dan xəritədə istifadə olunmuşdur. Dialektoloji materialları M.Ş.Şirəliyev, M.İ.İslamov, K.T.Ramazanov, T.B.Həmzəyev, S.M.Behbudov, Ə.Q.Ağayev, Z.Ə.Xasiyev, R.Ə.Kərimov və Ə.İ.Əliyev toplamışdılar.
“Azərbaycan dilinin dialektoloji atlası” 128 xəritədən ibarət olub, dilin bütün səviyyələrini əhatə edirdi. Əsər 17 ildən sonra başa çatmış gərgin zəhmətin uğurlu nəticəsi kimi qiymətləndirilmişdir. Atlasın tərtibçiləri M.İ.İslamov, Ə.Q. Ağayev, S.M.Behbudov, T.M.Əhmədov, N.X.Məmmədov, B.M.Tağıyev və Z.Ə.Xasiyev idi.
Professor M.İslamov atlasa yazdığı girişdə qeyd edirdi ki, hər rayondan orta hesabla 7-8 kənd (bəzi iri rayonlarda 10-12 kənd) əhatə edilmişdir. Material toplanan obyektlər elə seçilmişdir ki, rayon əhalisinin bütün coğrafi cəhətlərini –qərb, şərq, cənub, şimal və orta hissələrini əhatə etsin. Dialektoloji material toplanmış kəndlər arasındakı məsafə təxminən 10-15 km. saxlanmışdır. 1975- ci ildə tərtib işi yekunlaşmışdır. “Azərbaycan dilinin dialektoloji atlası” ndakı 128 xəritədən 43-ü fonetik hadisələrə, 31-i morfoloji xüsusiyyətlərə, 4-ü sintaksisə, 50-si leksika məsələlərinə həsr olunmuşdur.



ŞƏKİLDƏ: “Azərbaycan dilinin dialektoloji atlası”. Bakı, “Elm”, 1990.

Atlas yüksək poliqrafik tələblərə cavab verir. Xəritələrin oxunmasını asanlaşdırmaq məqsədilə köməkçi acardan istifadə olunur. Bu atlas üzərində iş bir neçə istiqamətdə getmişdir: material toplanışı və kameral işlənmə; kartoqrafiya məsələləri; leqendaların tərtibi və kommentariyaların yazılması. “Azərbaycan dilinin dialektoloji atlası”nın tərtibində Azərbaycan Respublikasının inzibati və fiziki xəritələri, material toplanmış yaşayış məntəqələrinin adları, informatorların siyahısı, onların yaşı və s. məsələlər əlavə olunmuşdur.
Atlasın tərtibində fonetik xüsusiyyətlər narıncı, qrammatik səciyyəvilik bənövşəyi, leksik əlamətlər isə yaşıl rəngli səhifələrdə işlənmişdir. Bu da istifadə zamanı lazım olan dialekt xüsusiyyətini asan tapmağa kömək məqsədi daşıyır. Xəritələrin mövzusuna uyğun tərtib olunmuş leqendalarda müəyyən prinsiplərə əməl olunmuşdur. Müxtəlif rəngli dairəciklər qara, qırmızı, göy, yaşıl, sarı və s. rənglə verilmişdir. Hər bir rəng ədəbi dilə (qara dairəcik) nəzərən fərqliliyi bildirir. İzoqlosların çox olduğu hallarda başqa həndəsi fiqurlardan da istifadə olunmuşdur.
Atlasın Azərbaycanda ictimai-siyasi təbəddülatlar zamanında – məlum 1990-cı ildə çapdan çıxması səbəbindən onun öz layiqli qiymətini hələ də almaması təəssüf doğurur.
“Azərbaycan dilinin dialektoloji atlası” 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin dialektoloji atlası”nın (Bakı, “Elm”, 1990) ilk nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Atlasın təkrar çapı zamanı (Bakı, “Şərq-Qərb”, 2008) əvvəlki nəşrin redaktorları akademik M.Ş.Şirəliyev və pofessor M.İ.İslamovun adları saxlanmaqla, edilmiş bəzi dəyişikliklərə görə filologiya elmləri namizədi S.M.Behbudovun adı da əlavə olunmuşdur. Atlasın yeni variantında yardımçı açar-xəritə ləğv olunmuşdur. Atlas “CBS –PP MMC” mətbəəsində ofset üsulu ilə çapdan çıxmışdır.


ŞƏKİLDƏ: “Azərbaycan dilinin dialektoloji atlası”. Bakı, “Şərq-Qərb”, 2008.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının 6.3.5 bəndi bilavasitə dialektologiyanın aktual problemlərinə həsr olunmuşdur. Bu bənddə Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi qarşıya mühüm vəzifələr qoymuşdur.
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. 2014-cü ildə İnstitutun direktoru, mərhum akademik Tofiq Hacıyevin bilavasitə rəhbərliyi altında Azərbaycan Respublikasının strateji ərazilərinin dialektoloji atlasını hazırlamaq işinə start verilmişdir. Bu məqsədlə dialektologiya şöbəsinin bir qrup əməkdaşından ibarət Dialektoloji Atlas qrupu yaradılmışdır. Dövlət Proqramının icrası məqsədilə ilk tədqiqat işi Naxçıvan Muxtar Respublikasından başlamışdır. Qrup üzvləri tərəfindən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının proqramı” hazırlanmışdır (Bakı, “Elm və Təhsil”, 2015). Proqram dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində işlənmişdir. Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrinin səciyyəvi fonetik xüsusiyyətlərinə dair 64 morfoloji səciyyəviliyə görə 110, sintaktik əlamətlərə dair 19, leksik xüsusiyyətlərə məxsus 57 xəritə sualı yazılmışdır. Proqram əsasında hazırlanmış “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Atlasda Naxçıvan Muxtar Respublikasının 220 yaşayış məntəqəsindən 151-nin şivə xüsusiyyətləri 250 xəritədə öz əksini tapmışdır. K.İmamquliyeva (Fonetika. Xəritə 1-64); K.Quliyeva (Morfologiya. Adlar. Xəritə 65-122); Q.Qəmbərova (Morfologiya. Feil.Köməkçi nitq hissələri. Xəritə (123- 175); M.Məmmədli (Sintaksis. Xəritə 176-194); Z.Xasiyev (Leksika. Xəritə 195-245); Ə.Quliyev (Leksika. 246-250).


ŞƏKİLDƏ: “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Elm və təhsil”, 2015.

Atlas 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində işlənmişdir. Əsəri türk dilinə K.Quliyeva, rus və ingilis dillərinə G.Axundova tərcümə etmişlər. Atlasın kompüter proqramçısı, AMEA Coğrafiya İnstitutunun gənc əməkdaşı E.Əmrahovdur. “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nəfis şəkildə çap olunmaqla bərabər, onun elektron variantı da atlasa əlavə olumuşdur. Kompakt diskdə yerləşdirilən iki qovluğun biri atlasın səsli – hərəkətli kitab variantını, digəri isə yerli əhalinin bəzi nümayəndələrinin canlı danışığını əhatə edir.
Bu atlasda əvvəlki dialektoloji atlasların ən yaxşı tərtib ənənələri qorunmaqla bərabər, xeyli yeniliklər də əlavə olunmuşdur. Azərbaycan dilinin Naxçıvan dialekt və şivələrinin fonetik, qrammatik və leksik xüsusiyyətləri müvafiq olaraq Azərbaycan Respublikasının üçrəngli bayrağının rəngləri ilə verilmişdir – fonetik xüsusiyyətlər göy, qrammatik səciyyəvilik qırmızı, leksik əlamətlər isə yaşıl rəngli səhifələrdə verilmişdir. Hər bir xəritənin özünəməxsus sualı, leqendası və şərhi 4 dildə işlənmişdir. Səhifələrdə Naxçıvan Muxtar Respublikası ərazisinin qədim tarixini, məişətini, müasir vəziyyətini, relyefini, adət-ənənələrini əks etdirən 188 rəngli fotoşəkildə öz əksini tapmışdır. Bu bölgədə atlasın tərtibi məqsədi ilə nəzərdə tutulmuş suallara cavab verən ən yaşlı informatorun 104, ən cavanının isə 20 yaşı olmuşdur. Yerli inzibati ərazi nümayəndəlikləri və əhali alim qrupunun bu fəaliyyətinə bacardıqları bütün köməyi göstərmişlər.
“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” qardaş Türkiyədə böyük rezonans doğurmuşdur. Ankarada çapdan çıxan beynəlxalq səviyyəli “Dil araşdırmaları” toplusunun 2015 Güz,17 sayında Türkiyə Qazi Universitetinin professoru, doktor Leyla Karahanın “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” adlı məqaləsi dərc olunmuşdur. Əsərin bütün elmi özəlliklərini yüksək qiymətləndirən alim yazır:”Gələcəkdə bir Türkiyə Türkcəsi Ağızları Atlası hazırlanmasına katılacak olan ağız araştırmacıları, hem eserden, hem de eserin hazırlayıcılarının tecrübelerinden yararlanmak zorundadır”.
Türkologiyada bir neçə “ilk” ləri imzalamış AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşlarının qardaş ölkədəki məsləkdaşlarından belə yüksək qiymət alması çox qürurverici haldır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Türkiyənin Türk Dil Kurumuna, Türk Araşdırmaları Vakfına, İstanbulun İSAM və Modern Kitabxanalarına, həmçinin İstanbul Universitetinin Ədəbiyyat bölümünə təqdim olunmuşdur.
Ağır və məsuliyyətli bir araşdırmanın son nəticəsi kimi Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın digər ölkələrin elmi müəssisələrində də tanınması və təqdimatı çox vacibdir. Hal-hazırda Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının tərtibi məqsədi ilə kameral işlərlə məşğuldurlar. Əməkdaşlar artıq Qarabağ Regional Mərkəzinə daxil olan Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan rayonlarında elmi ekspedisiyada olmuş, eyni zamanda Cəbrayıl, Laçın, Ağdərə, Xocavənd rayonlarının sakinləri ilə görüşərək lazım olan dialektoloji materialı toplamışlar. Hal-hazırda Kəlbəcər, Xocalı, Qubadlı və Şuşa rayon əhalisi ilə görüşlər planlaşdırılır.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.