Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.12.2017

Akademik Möhsün Nağısoylu: “Müasir Azərbaycan dili” çoxcildliyinin 2021-ci ildə tamamlanması nəzərdə tutulur

Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra xalqımızın ən böyük milli mənəvi sərvətlərindən biri olan ana dilimizə dövlət səviyyəsində böyük qayğı və dəstək göstərilib və bu siyasət hazırda uğurla davam etdirilir. Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə olan bu diqqət istər ulu öndər Heydər Əliyevin, istərsə də onun layiqli varisi Prezident İlham Əliyevin imzaladıqları bir sıra sərəncamlarda öz ifadəsini tapıb. Lap bu yaxınlarda dövlətimizin başçısının “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli Sərəncamı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

AZƏRTAC bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, akademik Möhsün Nağısoylunun qeydlərini təqdim edir.

Sərəncamda dövlət dilinin birbaşa azərbaycançılıq məfkurəsi ilə bağlılığı qeyd edilir və onun saflığının qorunması, ədəbi dildən düzgün istifadənin vacibliyi vurğulanır. Bu mühüm dövlət sənədindən irəli gələn vəzifələrin həyata keçirilməsinin mühüm bir hissəsi, təbii ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Belə ki, Komissiya üzvlərindən üç nəfəri (bu sətirlərin müəllifi, eləcə də professor Sayalı Sadıqova və İsmayıl Məmmədli) dilçilik sahəsində ölkəmizin ən mötəbər qurumu olan bu institutu təmsil edir. İnstitutda artıq adı çəkilən sərəncamın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanması üzrə iş gedir. Həmin işlər sırasında “Müasir Azərbaycan dili” çoxcildliyi xüsusi yer tutur. Dörd cilddən ibarət olacaq bu çoxcildliyin ilk cildinin (Fonetika) müəyyən hissəsi artıq hazırdır. Digər cildlər isə Azərbaycan dilinin leksikologiyası və qrammatikasını (morfologiya, sintaksis) özündə birləşdirəcək. Qeyd edim ki, “Müasir Azərbaycan dili” çoxcildliyinin geniş planı hazırlanıb və bu sanballı akademik nəşrin 2021-ci ildə tamamlanması nəzərdə tutulur. Həmçinin institutda ilkin qaynaqlar əsasında “Qədim Azərbaycan sözləri” lüğətinin hazırlanması üzərində iş gedir. Bu lüğətdə anadilli yazılı abidələrimizin və klassik sənətkarların dilində işlənən, müasir Azərbaycan ədəbi dili üçün arxaik səciyyə daşıyan sözlər öz əksini tapacaq. Bundan əlavə, əcnəbilər üçün Azərbaycan dili dərsliyinin (kitab və elektronvariantları), “Nitq mədəniyyəti” toplusunun, müxtəlif danışıq kitabçalarının (məsələn, azərbaycanca-farsca, azərbaycanca-ərəbcə və s.), milli tarnsliterasiya standartlarının hazırlanması da yaxın gələcəkdə icrası nəzərdə tutulan işlər sırasındadır.

Mətbuatda da xəbər verildiyi kimi, bu il şəxsən AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü və böyük dəstəyi ilə AMEA-nın magistrləri və dissertantları arasında “Ana dilimiz – milli varlığımız” mövzusunda müsabiqə keçirilib və bu tədbirdə gənc mütəxəssislər fəal iştirak ediblər. Bu cür tədbirləri gələcəkdə daha geniş miqyasda təşkil etməyi düşünürük. Bundan əlavə, ana dilinin saflığının qorunması, eləcə də ədəbi dil normalarının pozulmasının qarşısının alınması çərçivəsində müvafiq qurumlar (hüquqi şəxslər) üçün inzibati cəza tədbirlərinin tətbiqinin də faydalı olacağı qənaətindəyik. Qeyd edim ki, bu istiqamətdə tədbirlər planının layihəsi Dilçilik İnstitutunda hazırlanıb. Layihə tezliklə AMEA rəhbərliyinə təqdim ediləcək.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.