Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.10.2017

“Bibliya tarixi” və “Pravoslav katixizisi” kitabları Azərbaycan dilində oxuculara təqdim olunub

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bibliya tarixi” (müəllif Arximandrit Venedikt) və “Pravoslav Katixizisi” (müəllif İ.Qluxov) kitablarının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın Dilçilik İnstitutunun, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bildirib. Vurğulanıb ki, nəşrlərin Azərbaycan dilinə tərcüməsi bu ölkədə xristianlığa verilən böyük dəyərin göstəricisidir.

DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanın müxtəlif sivilizasiyaların mərkəzində yerləşdiyini bildirib. Qeyd edilib ki, ölkəmizdə zərdüştliliyin və xristianlığın hakim olduğu dövrlərdə tikilən maddi-mədəniyyət nümunələri qorunaraq bu günədək saxlanılıb. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə öz ibadətlərini icra etdiklərini deyən M.Qurbanlı dövlət tərəfindən icmalara maddi yardımların göstərildiyini, kilsə və sinaqoqların yenidən bərpa olunduğunu diqqətə çatdırıb. O, kitabların Azərbaycan xalqının xristianlıqla bağlı dolğun informasiya almasına töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin tarixən sülh şəraitində yaşadıqlarını və bunun Azərbaycan xalqının təbiətindən, qonaqpərvərliyindən, İslam dinindən qaynaqlandığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladan akademik bu dəyərlərin Azərbaycanın dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb.

“Bibliya tarixi” və “Pravoslav katixizisi” kitablarını Azərbaycan dilinə tərcümə edən, Dilçilik İnstitutunun sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, professor Mayıl Əsgərov nəşrlər barədə məlumat verib. O, “Bibliya tarixi” kitabının birinci hissəsində Əhdi-Ətiq haqqında ümumi məlumatın verildiyini, ikinci hissənin isə Əhdi-Cədidin şərhinə və İsa Məsih ətrafında cərəyan edən hadisə və faktlara yönəldiyini bildirib.

“Pravoslav katixizisi” kitabı barədə danışan M.Əsgərov nəşrdə xristian dininə aid məsələlərlə yanaşı, Müqəddəs Üçlük və Kilsə anlayışları, xaçaçur, məsholunma və yevxaristiya ayinlərinin mahiyyətinin şərh olunduğunu diqqətə çatdırıb.

Alim Azərbaycan dilində xristianlıq, o cümlədən pravoslavlıqla bağlı məlumatların az olduğunu, nəşrlərin həmin boşluqları dolduracağını söyləyib. Vurğulanıb ki, kitablar Azərbaycan-Rusiya dostluq münasibətlərinin daha da inkişaf etməsinə təkan verəcək.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, “İqumen Taisinin Xatirəsi Cəmiyyəti” İctimai Birliyinin rəhbəri, ieromonax Aleksandr Faut, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə elmi komissiyasının sədri, dünya siyasəti kafedrasının professoru Olqa Serpskaya, A.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin insan psixologiyası kafedrasının professoru Marianna Dvoretskaya və başqaları ölkəmizdə həyat tərzinə çevrilmiş tolerantlıqdan, nəşrlərin tərcüməsinin önəmindən, müxtəlif dinlərə verilən dəyərdən danışıblar.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.