Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
2.10.2017

Möhsün Nağısoylu

AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru, akademik

Dövlət dili haqqında qanun – 15

Ana dilimiz: milli varlığımız və qürur mənbəyimiz

Ana dili xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvətidir. Milli dil hər bir xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi dav-ranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik-cəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.
Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri,necə deyərlər, imzalar içərisində imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və özümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə – elmin, texnikanın görünməmiş sürətlə irəli getdiyi çağımızda bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya dillərindən biridir.
Xalqımızın böyük oğlu, Ümummilli lideri Heydər Əliyev hələ keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi,bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Ulu öndər 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının binasında dilimizin adı ilə bağlı keçirilən ümum-respublika yığıncağında həmin tarixi hadisəni yada salaraq demişdir: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz? Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”.
Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli döv-lətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfüqlər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmil-ləşdi.
Qeyd edək ki, adıçəkilən ümumxalq səsverməsi günü Ümummilli lider jurnalistlərlə görüşü zamanı dilimizin adı ilə bağlı ona ünvanlanan suala belə cavab vermişdir: “Bizim dilimiz Azərbaycan dilidir, biz azərbaycanlıyıq, respublikamız Azərbaycandır. Ancaq tarix, dilçilik elmi nöqteyi-nəzərindən Azərbaycan dili dünyada mövcud olan türk dilləri qrupuna daxildir”.
Heydər Əliyevin dilimizin adı ilə bağlı mülahizələri sübut etdi ki, Ulu öndərin apardığı dil siyasəti milli dövlət quruculuğu siyasəti ilə, azərbay-cançılıq konsepsiyası ilə sıx bağlıdır və onun üzvi tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının əsas qanununa − Konstitusiyasına “Dövlət dili” adlanan ayrıca bir maddə (maddə 21) daxil edildi. Ümummilli liderin ölkəmizdə apardığı məqsədyönlü və uğurlu dil siyasətinin əsaslarını özündə birləşdirən Azərbaycan Respublikasının Konstitusiyasının həmin maddəsində birmənalı şəkildə qeyd olunur:
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Konstitusiyanın “Dövlət dili” haqqındakı maddəsinin ikinci bəndindən göründüyü kimi, Azərbaycan Respublikasında yaşayan və müxtəlif dillərdə danışan digər xalqların və etnik qrupların milli dillərinin sərbəst işlədilməsinə və inkişafına da dövlət tərəfindən tam təminat verilir. Bu mühüm amil isə müstəqil Azərbaycan Respublikasında dövlət dilinin həm də böyük humanizmi və demokratik ruhu ilə səciyyələndiyini açıq-aşkar şəkildə sübut edir. Belə ki, ölkəmizdə yaşayan azsaylı xalqların, etnik qrupların nümayəndələrinin öz aralarında, məişətdə ana dillərində ünsiyyət saxlamalarına, istənilən dildə təhsil almaq hüquqlarına dövlət səviyyəsində zəmanət verilir.
Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı ol-muşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən, xalq dilindən gəlmə deyimlərdən uğurla istifadə etmiş, özünəməxsus jest və mimikaları ilə nitqinin auditoriyaya, bütövlükdə xalqa təsir gücünün artmasına nail olmuşdur. Ulu öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində milli dilin azərbaycançılıqla birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır: “Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”.
Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Belə ki, fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaranması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Fərmanda Azərbaycan dilinin tarixi ilə xalqımızın tarixi arasında sıx və qırılmaz tellər olduğu vurğulanır və dil siyasətinin azərbaycançılıqla bağlılığı qeyd olunurdu.
Bu tarixi fərmanda müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində iki başlıca ideya dayanırdı. Birincisi, Azərbaycan dilinin dövlət dili kimi qorunması, ikincisi isə - bu dilin dövlət dili səviyyəsində inkişafı üçün hər cür imkan və şəraitin yaradılması.
Adıçəkilən tarixi qərara əsasən, Azərbaycanın dövlət müstəqilliyinin rəmz-lərindən sayılan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə, onun lazımi səviyyədə öyrənilməsinə və cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə, eləcə də sadalanan işlərə nəzarətin gücləndirilməsinə əsl dövlət qayğısı öz əksini tapmışdır Belə ki, həmin fərman çərçivəsində ilk növbədə Azərbaycan Respub-likası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış və yaxın gələcək üçün nəzərdə tutulmuş “Azərbaycan Respublikasında Dövlət dili” haqqında qanun layihəsinin hazırlanması barədə müvafiq qurumlara göstəriş verilmişdi. Bundan əlavə, ölkənin müxtəlif nazirlik, idarə və təşkilatlarında dövlət dilinin və latın əsaslı Azərbaycan əlifbasının tətbiqi, ali təhsil ocaqlarında və orta mək-təblərdə Azərbaycan dilinin tədrisinin yaxşılaşdırılması qarşıya bir vəzifə olaraq qoyulurdu. Fərmanda həmçinin Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə sanballı elmi araşdırmaların nəşri də başlıca məsələlər sırasında yer alırdı. Bu tarixi qərarda eyni zamanda Azərbaycan dilinin və latın əsaslı Azərbaycan əlifbasının yerlərdə tətbiqi işinə nəzarətin gücləndirilməsi və ölkədə çap olunan mətbuat orqanlarının, kitabların 2001-ci il avqustun 1-nə qədər bütövlükdə latın əsaslı Azərbaycan əlifbasına keçidi bir vəzifə olaraq müvafiq orqanlar və dövlət qurumları qarşısında qoyulurdu. Qeyd edək ki, Ulu öndərin Azərbaycan dili ilə bağlı bu tarixi fərmanından irəli gələn bütün məsələlər tezliklə öz müsbət həllini tapdı və bir sıra mühüm tədbirlər həyata keçirildi.
Qeyd etmək lazımdır ki, bütövlükdə götürdükdə fərmanda irəli sürülən müddəalar və ideyalar başlıca olaraq Azərbaycan dilinin bir dövlət dili kimi qorunması, müxtəlif sahələrdə geniş tətbiqi, işlənməsi və inkişaf etdirilməsi kimi qlobal məsələləri özündə ehtiva edir və onlardan irəli gələn hədəflərə, vəzifələrə çatmaq üçün konkret yolları göstərir, istiqamətləri müəyyənləşdirirdi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkənin dövlət dili ilə bağlı aşağıdakı mühüm sənədlərə də imza atmışdır:
- “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərman;
- Azərbaycan Respublikasında Dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu
Ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azər-baycan Respublikasının həyatında olduqca mühüm bir elmi-mədəni hadisə olduğunu nəzərə alan dövlət başçısı 9 avqust 2001-ci il tarixli fərmanı ilə hər il avqust ayının ilk gününün Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmasını rəsmiləşdirdi. Beləliklə də, dövlətin dil siyasətinin həyata keçirilməsi, ana dilinin nüfuz və statusunun qaldırılması üçün daha münbit şərait və geniş imkanlar yarandı.
Bu günlərdə 15 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasında Dövlət Dili haqqında Azərbaycan Respublikasının Qanunu isə ilk növbədə ölkə konstitusiyasına uyğun olaraq, dilimizin dövlət dili kimi hüququ statusunu nizamlamaq məqsədilə onun işlənməsi, qorunması və inkişafının prioritet istiqamətlərini müəyyənləşdirdi. Ümummilli liderin əsəri olan bu Qanunun preambulasında deyildiyi kimi, “Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilmsəi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”. Burada diqqətçəkici məqamlardan birincisi Azərbaycan dilinə dövlət səviyyəsində lazımı qayğı göstərilməsidir. İkinci bir mühüm və əhəmiyyətli məqam isə Azərbaycan dilinin dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli rolunu oynaması üçün Azərbaycan dövləti tərəfindən zəmin yaradılmasıdır. Bu məsələ ilə bağlı onu da qeyd etmək lazımdır ki, qanunun ayrıca bir maddəsində (I fəsil, maddə 3.0.6) xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə lazımi kömək göstərilməsi də nəzərdə tutulmuşdur.
Qanunun “Ümumi müddəalar” başlıqlı birinci fəslində öncə dövlət dilinin hüquqi statusu ilə bağlı müddəalar açıqlanır. Burada Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dilinin ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilməsinin zəruriliyi vurğulanır və dövlət qurumlarında, eləcə də siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyəti əhatə olunur. Birinci fəsildə həmçinin Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik məsələsi və dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri də müəyyənləşdirilir.
Qanunun “Dövlət dilinin işlənməsi, qorunması, və inkişafı” başlıqlı ikinci fəslində dövlət dilinin müxtəlif sahələrdə işlənməsi ilə bağlı məsələlər yer almışdır. Burada dövlət dilinin rəsmi mərasimlərdə, televiziya və radio yayımlarında, xidmət sahələrində, reklam və elanlarda, hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, məhkəmə icraatında və s. işlənməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. Həmin fəslin ayrıca bir maddəsində (maddə 18) dövlət dilinin qorunması və inkişafı ilə bağlı müddəalar da yer almışdır.
“Yekun müddəalar” adlı sonuncu – üçüncü fəsildə dövlət dili haqqında Qanunun pozulmasına görə məsuliyyət və Qanunun qüvvəyə minməsi ilə bağlı maddələr təqdim olunur.
Qeyd edək ki, adıçəkilən qanunla Azərbaycan Respublikasında dövlət dilinin hüquqi statusu müəyyənləşdirilir. Bu status çərçivəsində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün mərasim və tədbirlərin, eləcə də televiziya və radio yayımlarının dövlət dilində aparılmasının rəsmiləşdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır.
Bütövlükdə, müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən dövlət dili haqqında Qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulmuşdur.
Qanun Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini, onun tətbiqi və qorunmasını prioritet bir vəzifə olaraq qarşıya qoyur. Həmçinin Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayıldığı və onun tətbiqi, qorunması və inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanır və bu sahədə görüləcək işlər mühüm bir vəzifə olaraq qarşıya qoyulur.
Dövlət dili haqqında Qanunun19-cu maddəsində onu pozan hüquqi, fiziki və vəzifəli şəxslərin ölkə qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması da yer almışdır. Yeri gəlmişkən qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə bağlı keçirilən ümumi yığıncaqda (9 noyabr 2015-ci il) söylədiyi əhatəli və dərin məzmunlu nitqində xalqımızın ən böyük milli-mənəvi sərvəti olan Azərbaycan dilinin saflığının qorunması məsələsini xüsusi olaraq vurğulamışdır: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməyilik”. Ölkə başçısının dövlət dili haqqındakı qayğı dolu bu sözləri və tələbi hər bir Azərbaycan vətəndaşı üçün proqram səciyyəsi daşımalı və sözsüz həyata keçirilməlidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, gündəlik həyatımızda, məişətdə, hətta bəzən efirdə: radio və televiziya kanallarında, digər kütləvi informasiya vasitələrində əcnəbi sözlərin, xüsusilə də rus dilindən alınmaların (astanovka, xaladilnik, probka, vapşe, uje və s.) yerli-yersiz işlədilməsinin şahidi oluruq. Belə halların qarşısını almaq üçün maarifçilik işinin gücləndirilməsinə və digər tədbirlərin görülməsinə böyük ehtiyac duyulur. Unutmayaq ki, dilin qoruyucusu və daşıyıcısı xalqdır. Buna görə də ana dilinin saflığını qorumaq, onun keşiyində durmaq, ədəbi dilin norma və qaydalarını gözləmək hamımızın borcudur.
Azərbaycan Milli Elmlər Akdemiyasının Rəyasət Heyəti dilimizin saflığının qorunması, xüsusilə də reklam, elan və afişalarda dil pozuntularının aradan qaldırılması üçün cərimələrin tətbiqi mexanizminin hazırlanması məqsədilə yuxarı instansiyalara müraciət edilməsini qərara almışdır. Həmin qərarla AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsində sözügedən cərimələrlə bağlı təkliflər paketi hazırlanmaqdadır. Düşünürük ki, bir sıra ölkələrdə olduğu kimi, respublikamızda da ana dilinin saflığının qorunması məqsədilə inzibati cəzaların tətbiqi bu sahədə olan nöqsanların aradan qaldırılması məsələsində faydalı olacaqdır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi fərmanlar, xüsusilə də dövlət dili haqqında qanun ədəbi dilimizin fəaliyyət meydanını daha da genişləndirmiş, onun dövlət səviyyəsində tətbiqi işini, inkişafı məsələlərini gücləndirmişdir. Bu tarixi qərarlar Azərbaycan dili və dil mədəniyyətimiz qarşısında yeni imkanlar və geniş üfüqlər açmışdır. Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu öndərin adı ilə bağlıdır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi ba-xımından xüsusilə böyük əhəmiyyət daşıyır. Sənəddə qeyd olunduğu kimi, “Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir”. İlk növbədə Azərbaycan dilinin hərtərəfli inkişafı və tətbiq dairəsinin genişlənməsi üçün böyük imkanlar yaradan Dövlət Proqramının əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır.
Dövlət Proqramının icrasına dair təqdim olunan Tədbirlər Planında göstərilən maddələr sırasında Azərbaycan dilinin tədrisi və tətbiqinin genişləndirilməsi, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və dilimizin kütləvi informasiya vasitələrində təbliği, ədəbi dilimizə xələl gətirə biləcək yad ünsürlərin aradan qaldırılması, ədəbi dil normalarına ciddi əməl edilməsi kimi qlobal məsələlər başlıca yer tutur. Bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır.
Ümumiyyətlə, Dövlət Proqramı milli dövlətçiliyimizin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin geniş miqyasda tətbiqi, əsaslı və fundamental şəkildə tədqiqi, eləcə də ölkəmizdə dilçilik elmi sahəsində aparılan araşdırmaların səviyyəsinin yüksəldilməsi istiqamətində konkret əməli işlər görmək üçün əlverişli zəmin və geniş imkanlar yaradır. Adıçəkilən tarixi sənəd eyni zamanda dilçilik sahəsində çalışan mütəxəssislər, dilçi alimlər üzərinə böyük vəzifələr qoyur, onları bu yöndə əməli işlər görməyə səfərbər edir.
Qeyd edək ki, yuxarıda adıçəkilən məqsəd və vəzifələrin həlli məsələsi daha çox Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun öhdəsinə düşür. Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan bu elmi müəssisədə ölkə Prezidentinin Azərbaycan dili haqqında 9 aprel 2013-cü il tarixli Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir sıra əməli işlər görülmüşdür. Onlar sırasında ilk növbədə Dilçilik İnstitutunda bir neçə yeni şöbənin (Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq) yaradılmasını qeyd etmək lazımdır. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırlmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır.
Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması sahəsində də məqsədyönlü işlər yerinə yetirilməkdədir. İnstitut əməkdaşları bu məqsədlə vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir və ən başlıcası sözügedən sahədəki nöqsanların aradan qaldırılması üçün maarifləndirici tədbirlər görür, aidiyyatı olan təşkilatlara tövsiyələr verir, onlarla müqavilələr bağlayır. Məlum olduğu kimi, televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına tez-tez rast gəlmək olur. Bu sahədə pozuntuların qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsi məqsədilə Dilçilik İnstitutunda artıq iki ildir ki, qaynar xətt öz fəaliyyətinə başlamışdır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan dilinə dövlət səviyyəsində böyük qayğı göstərilmiş və bu qlobal məsələ daima diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında dediyi aşağıdakı sözləri bu qayğının ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşib-dir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Lakin mədəniyyətin və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşdirilməsinə, onun söz ehtiyatının zənginləşməsinə daha çox qayğı göstərmək lazımdır”.
Ulu öndərin Azərbaycan dili haqqında proqram səciyyəli bu sözləri, eləcə də bilavasitə Ümummilli liderin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasında Dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunun müddəaları hər bir Azərbaycan vətəndaşını, xüsusilə də dilçilik sahəsində çalışan mütəxəsisləri ədəbi dilimizin saflığı keşiyində dayanmağa, onun düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində düşünüb-daşınmağa, bu sahədə əməli tədbirlər görməyə səsləyir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.