Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
1.8.2017

Mütəxəssis azlığı mətbuatda dilimizin arzuolunmayan səviyyədə təqdimatı ilə nəticələnir

Avqustun 1-i Azərbaycan əlifbası və Ana dili günüdür. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-də latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlıdır. Ona qədər 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyimizin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifbaya keçid olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik Şöbəsinin müdiri, professor İsmayıl Məmmədli hafta.az-a müsahibəsində Azərbaycan dilinə olan münasibət və bu mövzuda digər məsələlər barədə məlumat verib.

- Dilimizi qoruya bilirikmi?

- Dili qorumağın mahiyyətindən çoxları xəbərsizdir. Bir çoxları elə bilir ki, dilimizə məhəlli sözlər gətirməklə ona intonasiya zənginliyi gətirirlər, şirinlik qatırlar. Bu doğru yanaşma deyil. Dil hamımızın anlaya biləcəyi şəkildə tədqim olunanda gözəldir. Dili qorumaq deyəndə də bu başa düşülməlidir.

- Mediada – xüsusən də yazılı mətbuatda dilin qanunauyğunluqlarına riayət olunmadığı barədə tez-tez iradlar eşidirik. Razılaşırsınızmı?

- Vaxtilə elmi işimin mövzusu qəzet dili ilə bağlı olub. Hələ 1973-cü ildə müdafiə edəndə sərt tələblərlə qarşılaşırdım. O zaman qəzet dilinə münasibət indiki kimi deyildi, çox ciddi yanaşılırdı. Qəzetlərdə hər hansı qrammatik səhvin, üslub səhvinin getməsi nadir hallarda ola bilərdi. İndi senzura yoxdur, qəzetlərdə müəyyən qədər azadlıq var, amma peşəkarlıq azdır. Mətbuatda çalışanların çoxu nə filoloq deyil, nə də jurnalist. Yəni mütəxəssis azlığı mətbuatda Azərbaycan dilinin arzuolunmayan səviyyədə təqdim olunması ilə nəticələnir.

- Tənqidi baxımdan çalışdığınız Dilçilik İnstitutu da geri qalmır. Xüsusən də yeni sözlərin yaranması mövzusunda.

- Sosial şəbəkələrdə kimsə yarızarafat, yarıciddi bir məsələ atır ortalığa. İnsanlar da başlayır heç bir əhəmiyyət kəsb etməyən məsələləri müzakirə etməyə. Məsələn, Dilçilik İnstitutu hər hansı açıqlama vermədiyi halda, ötən il kimsə özündən sözlər uydurub bizim ünvanımıza tənqidlər səsləndirirdilər. Hansı ki, guya bizim institut “sürücü qadın” ifadəsinin qarşılığının “süranə” olduğunu deyib. Bu düzgün məlumat deyildi. Birdəfəlik anlamaq lazımdır ki, Azərbaycanda söz lüğətində cins kateqoriyası yoxdur. Hər yerindən duran yeni söz yarada bilməz. Bu işlə dilçilər məşğul olur və yeni yaradılan sözlər icimaiyyətə təqdim olunur, lüğət kitablarına əlavə olunur.

- Lüğətə sonuncu dəfə nə vaxt yeni sözlər əlavə olunub?

- Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2016-cı ildə nəşr edilib və bura 2 mindən artıq yeni söz daxil edilib. Onlardan smart-kart, üzən məzənnə, xörəkpaylayan və digər sözləri mizal göstərə bilərəm. Əsasən başqa dillərdən alınan bu sözlər institutun elmi şurasında müzakirə edildikdən sonra yeni lüğətə daxil edilərək çap olunub. Dilimizdə təxminən 110 min söz var və bu sözlərin toplandığı lüğətin redaktoru mənəm. Bütün sözlərin qarşılığını tapmaq mümkün deyil, elə əşyalar var ki, bizdə istehsal edilmədiyi üçün bizim dildə adı da yoxdur. Dilçilikdə bütün gəlmə sözlərin qarşılığı olmalıdır kimi bir qayda yoxdur. Bir şey ki, bizdə yoxdur onun adını haradan tapaq? Bundan narahat olmaq lazım deyil. Məsələn, rus dilində sözlərin 70 faizi yunan-latın mənşəlidir. Onların dilinə zəngin deyil demək olarmı?

- Rus dilindən söz düşmüşkən, son vaxtlar orta məktəblərdə rus bölməsinə olan maraq da müzakirə mövzusudur. Qeyri dillərdə təhsilin ana dilinin aşınmasına təsiri varmı?

- Bu insanların düşüncəsindən, dünyagörüşündən asılı olan məsələdir. Heç kəsi məcbur etmək olmaz ki, qoy uşağını Azərbaycan dilində və yaxud rus dilində təhsil alsın. Hər hansı sərəncamla da heç kəsi düşüncəsindən döndərmək olmaz. Ailədə dilə məhəbbət olarsa dilimizin itməsi qorxusundan narahat olmağa dəyməz. Xaricdə yaşayan o qədər ailələr var ki, Azərbaycan dilini mükəmməl səviyyədə bilirlər. Bu xalqı Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə kimi sevən neçə nəfər var? Unutmayaq ki, onlar da Qori Müəllimlər Seminariyasında rus dilində təhsil almışdılar, amma bu onların xalqa sevgisini azaltmamışdı, dillərini unutdurmamışdı. Məsələyə, dar çərçivədən baxmaq lazım deyil. Sərəncamla, qadağayla, qınaqla insanları qıcıqlandırmaq, istiqamət vermək olmaz.

- Bəs, dili qorumağın meyarı nədir?

- Dövlət səviyyəsində Azərbaycan dilinə kifayət qədər diqqət və qayğı var. Elə son illər qəbul olunan qanun, fərman və sərəncamları xatırlamaq yetər. İndi dili qorumaq insanların öz vicdanından asılıdır. Burada əsas yük pedaqoqların, müəllimlərin üzərinə düşür. Hər auditoriya dilin qorunmasına yönəlmiş bir yuvadır. Müəllimlər doğulduqları bölgənin dialektində yox, ədəbi normalara uyğun şəkildə danışmalıdır. Əvvəl müəllim-şagird, tələbə-pedaqoq heyəti daha məsuliyyətli idi. Mütaliə zəngin idi, kitab oxuyanların sayı çox idi. İndi çoxları adi məlumatdan tutmuş, irihəcmli əsərlərə qədər hər şeyi internetdən oxumağa çalışırlar, redaktəsiz, korrektəsiz formada təqdim olunan yazılar Azərbaycan dilinin məhvinə hesablanıb. Artıq insanlar bir sözün bir neçə formada yazılışını görüb, hansının düz, hansının yanlış olduğu barədə saatlarla müakirə açırlar. Azərbaycan dilini qorumaq bizim yazıçıların əsərlərini oxumaqdan keçir. Çünki onların çoxu dili mükəmməl bildikləri üçün yazdıqları da peşəkarcasına, ustalıqla qələmə alınıb. İndiki mütaliə mənbəyi əsasən tərcümələrdir. Tərcümələrin də heç də hamısında dil qanunauyğunluqları qorunmur.

Naibə Qurbanova

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.