Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.4.2017

Müasir dilçilik elminə daha bir töhfə

Dilçilikdə morfoloji formaların inkişaf və sabitləşməsi prosesini izləmək, dilin qrammatik kateqoriyalarının tarixi təkamülünü müəyyənləşdirmək baxımından türk dillərində feili bağlama formalarının nəzəri cəhətdən tətbiqi dil üçün zəngin faktlar verir. Məlumdur ki, bu formalar feilə məxsus əlamətləri özündə gizli şəkildə qoruyub saxlasa da, onlarda feillik məzmunu tam şəkildə özünü göstərə bilmir. Bu baxımdan bir işi, bir hərəkəti digər iş və hərəkətlə bağlayan xüsusi formal əlamətlər əsasında yaranan feili bağlama formaları təkcə ümumi dilçiliyin deyil, həm də türkologiyanın ən aktual problemlərindəndir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Türk dillərində feili bağlama formaları sistemi” (elmi redaktoru, akademik T.Hacıyev, rəyçilər professor M.Mahmudov və professor V.Əliyev) monoqrafiyası türk dillərində feili bağlama formalarının sistemli və tarixi-müqayisəli aspektdə onun şəxssiz-təsriflənməyən formaları haqqında dəyərli elmi əsərlərdəndir. Monoqrafiyanın “Giriş” hissəsində bu sahədə görülmüş fundamental tədqiqatlar mövzunun tədqiqi aspektləri və istiqamətləri təhlil edilir. Feili bağlama formaları təkcə ədəbi dillər səviyyəsində deyil, 21-dən artıq türk dili ilə müqayisə əsasında, həm də türk dillərinin dialektləri üzrə araşdırılmışdır. A.Məşədiyevanın monoqrafiyasında türkologiyada feili bağlama formalarının müqayisəli-tarixi aspektdə struktur təşkili, semantik mahiyyəti, sintaktik funksiyası dil və dialekt faktlarına əsaslanaraq tədqiq edilir. Əsərdə həm oğuz, həm də qıpçaq və karluq qrupu türk dilləri üzrə feili bağlama formalarının təkamülü izlənilmişdir.
Monoqrafiyanın “Türkologiyada feilin feili bağlama formalarının öyrənilməsi problemi” adlanan birinci fəslində məsələnin qısa şərhi verilib, feili bağlama formalarının əsas anlayışları, terminləri izah edilir. Həmin fəsildə türk dillərində feili bağlamaların dəyişilməzliyi barədə məsələlər və onların təsnifat prinsipləri təhlil olunur. Həmçinin feili bağlama formalarının şəxs mənsubiyyət şəkilçilərini qəbul etməsi probleminə də aydınlıq gətirilir. Feili bağlama formalarının tarixən inkişafı müqayisəli yolla zəngin faktlarla şərh edilmişdir. Başlıca məqsəd feili bağlama sistemindəki qanunauyğunluqların aşkar edilməsi olmuşdur. Araşdırma həm diaxronik, həm də sinxronik aspektdə aparılmışdır. Bu istiqamətlərdə zəngin türk dilləri materiallarına söykənərək feili bağlama formalarının tərkibində fonetik dəyişmələrin qanunauyğun əlaqələri açılır, onların inkişaf xüsusiyyətləri öyrənilir və meydana çıxarılır. Buna görə də monoqrafiyanın birinci fəslində məsələnin mahiyyəti, anlayış bazası, onların dəyişilməsi və təsnif problemləri, bu formaların şəxs, mənsubiyyət göstəricilərini qəbul etməsi geniş şəkildə tədqiq edilmişdir.
Monoqrafiyanın “Müasir türk dillərində və onların dialektlərində feilin feili bağlama, feili sifət və infinitiv formalarının bəzi spesifik şəkilçilərinin müqayisəli-tarixi təhlili” adlı fəsildə müasir türk dillərində və onların dialektlərində feilin feili bağlama, feili sifət və infinitiv formalarının bəzi spesifik şəkilçilərinin müqayisəli-tarixi təhlilinə həsr olunmuşdur. Dilin morfoloji quruluşu onun formalaşması və inkişafı tarixinin aynasıdır. Bu baxımdan hər hansı bir morfoloji kateqoriyanı və ona dair göstəriciləri müqayisə etməklə qohum dillərdəki dil hadisələri arasında ən müxtəlif əlaqələri müəyyənləşdirmək mümkündür.
Feili bağlama formalarına (istər tarixi, istərsə də müasir) A.Məşədiyevanın tədqiqatında, Q.Paulun yazdığı kimi “tarixi təhlil predmeti” olaraq baxılır. Tədqiqatda feili bağlama formaları bir-birindən təcrid olunmuş halda deyil, qarşılıqlı əlaqədə tədqiq edilərək onların formalaşması və semantik-funksional baxımdan mükəmməlləşməsində həm ümumi, həm özünəməxsus, həm də diferensial cəhətləri müəyyənləşdirilmişdir. Morfoloji sistemdə aparıcı kateqoriyaların sistem kimi tədqiqi türk xalqlarının uzunmüddətli dil əlaqələrinin interferativ nəticəsi kimi özünü əks etdirir.
Türk dillərində feili bağlama formaları mahiyyət etibarilə cümlədə icra olunan iki işi (hərəkəti) bir-birinə bağlayır, təsrif olunmur, zaman, şəxs və kəmiyyətcə əsas feildən asılı vəziyyətə düşür. Feili bağlamanın əsas feillə eyni olan cəhətləri onun da növ və təsirlik, təsirsizlik kateqoriyalarına, həmçinin idarəetmə xüsusiyyətinə malik olmasıdır. Bütün bunlar tədqiqatda bədii əsərlərdən gətirilən faktlarla izah edilir. Feili bağlama formalarında vurğu məsələsi aqlütinasiya mərhələsinin qalığı kimi izah olunur. Vurğu sabitliyi müqayisə edilən türk dillərinin yazı qaydalarının da tənzimlənməsində mühüm rol oynayır. Əsərdə vurğu qəbul edən və etməyən feili bağlama formalarının mükəmməl şərhi sözdə tələffüz şəraitinin sabitliyini qorumaq baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan dilinin feili bağlama formalarını digər türk dillərindəki formalarla müqayisə etmək hər bir dilin spesifik xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Həmin formaların müqayisəsinin mahiyyəti dilin tərkib-struktur, semantik, funksional, etimoloji və s. cəhətlər arasında ümumi və fərqli cəhətləri müəyyən qanunauyğunluqlar əsasında aşkar etməkdən ibarətdir. Ona görə ki, konkret əyani düşüncə ilə abstrakt təfəkkürün birgə fəaliyyəti öyrənildikcə praktik nəzəri təfəkkür də inkişaf edib yetkinləşir. Feili bağlamaların formalaşma prosesi real dil faktına əsaslanır. Faktlardan da aydınlaşır ki, feili bağlama bəzi hallarda digər predikativ sözlərə - ismi xəbərə də aid ola bilir. Əsərdə feili bağlama şəkilçisinin hər birinin spesifik xüsusiyyətləri, ümumi və fərqli cəhətləri sintaktik, morfoloji-sintaktik səviyyələrdə faktlarla təhlil edilmişdir. Morfoloji və sintaktik aspektlərdəki xüsusiyyətlərin aparılmış müqayisələrlə ortaya çıxarılması tədqiqatın dəyərini artırır.
Aparılan uzun elmi araşdırmalardan aydın olur ki, bu kitabın yazılmasında məqsəd türk dillərində feili bağlamaların tarixən formalaşmasını, onun yaranma qanunauyğunluqlarını aydınlaşdırmaq, dilçiliyimizin bu sahəsində qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Müasir dilçiliyin aktual sahələrindən biri olan türk dillərində feili bağlamalara həsr olunmuş, əhatə dairəsi və yüksək elmiliyi ilə seçilən, poliqrafik baxımdan da nümunəvi səviyyədə hazırlanan bu əsər həm nəzəri, həm də praktik dilçilik üçün zəngin material verir.

Sayalı SADIQOVA,
filologiya elmləri doktoru, professor

23 aprel 2017, "Azərbaycan" qəzeti

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.