Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.4.2017

"Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

İlk olaraq tədbir iştirakçıları II Fəxri Xiyabanda A.Ağundovun məzarını ziyarət ediblər. Sonra AMEA-nın Əsas binasında alimin elmi yaradıcılığını əhatə edən kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından danışıb. Akademiya rəhbəri Ağamusa Axundovun dilçilik elminin klassiklərindən olduğunu, gənc yaşlarından elmlə yanaşı, pedoqoji fəaliyyətlə məşğul olduğunu, alimlər nəsli, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb. A.Axundovun elmi dairələrdə böyük hörmətə, nüfuza malik olduğunu deyən akademik vurğulayıb ki, o, təkcə görkəmli alim yox, həm də dəyərli ziyalı idi.

"Akademik Ağamusa Axundov haqqında söz" adlı məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli A.Axundovun apardığı tədqiqatlar sayəsində ölkəmizdə dilçilik məktəbinin formalaşdığını bildirib. Görkəmli alimin elm tariximizdə ilk dəfə olaraq 32 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi aldığını qeyd edib: "Bu, təkcə Azərbaycan elmində deyil, keçmiş Sovetlər İttifaqı miqyasında da nadir hadisələrdən biri idi. Əslində Ağamusa Axundov namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə etməklə elmdə öz sözünü demişdir".

İsa Həbibbəyli bildirib ki, dilimizdəki zaman formalarının əsasında qədim feili sifət və feili bağlamaların durduğunu Ağamusa Axundov isbat edib. Onun Azərbaycanda riyazi dilçilik elminin ilk tədqiqatçısı olduğunu deyən alim dilin estetikası anlayışının da dilçilik elmimizə A.Axundov tərəfindən gətirildiyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, A.Axundovun ədəbiyyatşünaslıq fəaliyyəti elmimizdə ənənəvi dilçi-ədəbiyyatşünaslığın yeni səhifəsidir. Alimin tədqiqatları ədəbiyyat nəzəriyyəsinin ciddi problemlərinin həllinə yönələn yüksək nəzəri səviyyəsi ilə fərqlənən əhəmiyyətli elmi əsərlərdir.

İ.Həbibbəyli Ağamusa Axundovun hecadan həm dilimizin fonetik hadisəsi, həm də vəzni kimi müstəqil tədqiqatlar aparan yeganə alim olduğunu bildirib: "Azərbaycan şeirində qapalı hecadan açıq hecaya, örtülü hecadan örtüsüz hecaya doğru inkişaf proseslərinə dair müşahidələri şeirşünaslığın Ağamusa Axundov nəzəriyyəsi adlandırıla bilər. Eyni zamanda dil attraksiyası hadisəsindən həm sintaktik konstruksiyalar, həm də bədii dilin imkanları kimi bəhs etmək vəzifəsinin hər iki qütbünün mükəmməl nəzəri dərkini elmimizə o gətirib".

Akademik vurğulayıb ki, Ağamusa Axundovun elmi-nəzəri irsi ölkəmizdə və onun hüdudlarından kənarda humanitar elmi idrakın yüksək miqyasını bütün reallıqları ilə parlaq şəkildə əks etdirən zəngin və qiymətli örnəkdir.

Konfransda Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun "Görkəmli dilçi-alim, akademik Ağamusa Axundov" adlı məruzəsi dinlənilib. M.Nağısoylu qeyd edib ki, müasir Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən sayılan akademik Ağamusa Axundov çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik elmimizin inkişafında mühüm rol oynayıb, öz elmi məktəbini yaradıb. M.Nağısoylu alimin hələ tələbəlik illərində böyük nüfuz qazandığını vurğulayıb: "A.Axundov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuduğu illərdə dərin bilik və zəkası ilə müəllimlərinin hörmətini qazanıb. 1955-ci ildə ali təhsilini Nizami təqaüdü ilə başa vuran Ağamusa Axundov elə həmin il universitetin aspiranturasına daxil olub və "Felin zaman kateqoriyası" mövzusunda namizədlik dissertasiyasını vaxtından altı ay qabaq uğurla müdafiə edib. 1964-cü ildə isə 32 yaşında "Azərbaycan dilinin fonemlər sistemi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək SSRİ miqyasında filologiya sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsi alıb".

1990-cı ildə Dilçilik İnstitutunun direktoru təyin olunan Ağamusa Axundov 22 il bu vəzifədə çalışıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən A.Axundov eyni zamanda Akademiyanın yeni təşkil olunmuş Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi təyin olunub. 6 il sonra o, AMEA-nın həqiqi üzvü, həmçinin ikinci dəfə rəhbərlik etdiyi bölmənin akademik-katibi seçilib.Görkəmli alimin 36 kitab, 500-ə yaxın məqalə müəllifi olduğunu deyən M.Nağısoylu onun "Azərbaycan dilinin fonetikası" adlı monoqrafiyasının respublika Dövlət mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, A.Axundov bu əsərinə qədər də fonetika sahəsində, istər tarixi, istərsə də müasir fonetika məsələləri istiqamətində ardıcıl elmi araşdırmalar aparıb, "Azərbaycan dilinin fonemlər sistemi" və "Azərbaycan dilinin tarixi fonetikası" kimi iki monoqrafiyanı ərsəyə gətirib.

Məruzəçi A.Axundovun Azərbaycan dilçiliyi sahəsindəki xidmətlərinin yüksək qiymətləndirildiyini, dövlət və mötəbər təşkilatlar tərəfindən bir sıra fəxri ad və mükafatlara layiq görüldüyünü qeyd edib.

M.Nağısoylu dilçilik elmimizin ən parlaq simalarından sayılan, ölkəmizdə filologiyanın, xüsusilə türkologiyanın inkişafında böyük xidmətləri olan akademik Ağamusa Axundovun xatirəsinin daim yaddaşlarda qalacağını bildirib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Qazaxıstan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Erden Kajibekov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Misirin Eyn-Şəms Universitetinin professoru Məhəmməd Haridi, Türkiyənin Hacettepe Universiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Şükrü Haluk Akalın çıxış edərək akademik Ağamusa Axundovun elmi fəaliyyətindən və onunla bağlı xatirələrindən danışıblar. Təşkil olunan telekörpü vasitəsilə xarici alimlər A.Axundov haqqında fikirlərini bölüşüblər.

Tədbirin birinci günü Dilçilik nəzəriyyəsi, Fonetika, Dil və üslub, Ədəbiyyat və ədəbi dil məsələləri, Türkologiyanın aktual problemləri, Dil tarixi və qrammatika bölmələrindəki iclaslarla davam edib.

Konfransa aprelin 25-də yekun vurulacaq.

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.