Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.04.2017

AMEA-da professor Roza Eyvazovanın 80 illik yubileyi qeyd olunub

Bu gün AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış şərqşünas alim və şairə, filologiya elmləri doktoru, professor Roza Eyvazovanın anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
Konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli alimin Azərbaycanda humanitar elmlərin inkişafında müstəsna xidmətləri olduğunu və R.Eyvazovanın 200-ə yaxın əsərinin dilimizin tarixi və onomastikasının öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. T.Kərimli alimin tək Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da peşəkar dilçi kimi tanındığını bildirib.

Sonra Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb. R.Eyvazova ilə tanışlıqlarının 1982-ci ildə Əfqanıstanda baş tutduğunu deyən M.Nağısoylu alimin müharibəyə baxmayaraq bu ölkədə elmi fəaliyyətini əzmlə davam etdirdiyini söyləyib. Kişvərinin divanı üzərində işləməyin çətin olduğunu deyən M.Nağısoylu bildirib ki, R.Eyvazova dil biliyi və şəxsi keyfiyyətləri sayəsində bunun öhdəsindən gələrək "Kişvərinin Divanının dili" kimi mükəmməl əsər ortaya qoyub. M.Nağısoylu R.Eyvazovanın gənc alimlərin hazırlanmasında, Əfqanıstanda türk mənşəli toponimlərin, Şumerlərin tarixinin, Azərbaycan ərazisində azsaylı xalqların dillərinin tədqiqində səmərəli elmi fəaliyyətlə məşğul olduğunu vurğulayıb. Möhsün Nağısoylu çıxışında bildirib ki, Roza xanım Azərbaycançılıqla bağlı olan tədqiqatçıdır. O, əqidəsinə dönməyən öz mövqeyi olan, mövqeyindən çəkinməyən, düzlüyü sevən pak və saf insandır.

Konfransda AMEA-nın müxbir üzvü Nizami Cəfərov və akademik Vasim Məmmədəliyev çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, R.Eyvazova elmə, ölkəmizə bağlı insandır və hər zaman öz mövqeyi sayəsində Azərbaycanın mənafeyini beynəlxalq tədbirlərdə qoruyub. Qeyd edilib ki, R.Eyvazovanın əsərləri dilçilər tərəfindən maraqla oxunulur, tətbiq olunur.

Tədbirdə Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin "Dilçiliyimizin canlı tarixi" adlı məruzəsində R. Eyvazovanı dil tarixçi, lüğətçi alim kimi dəyərləndirib.
Professor İsmayıl Kazımov "Kişvəri dilinin tədqiqatçısı" məruzəsində bildirib ki, R.Eyvazova dilçilikdə “Kişvəri dilinin morfologiyası” əsərilə uğur qazanmışdır. O, elmi yaradıcılığında ədəbi dil məsələlərinə də toxunmuşdur. Nəvai ilə Kişvərinin yaxınlığını Cağatay dilinə təsirini ortaya çıxartmışdır. Bu da elmə xidmət deməkdir.


Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının sədri dosent Sevinc Əliyeva “Şərəfli alim ömrü” məruzəsində R.Eyvazovanı həm qayğıkeş şöbə müdiri, həm də böyük insan kimi xarakterizə edib .
Sonra professor Sayalı Sadıqova, filologiya elmləri doktoru Mayıl Əskərov çıxış edib. Bununla yanaşı, tədbirdə alimin oğlu Azad Eyvazov çıxış edərək anasına xoş təbriklərini çatdırıb.
Konfransda, həmçinin Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin R.Eyvazovaya ünvanlanmış təbrik məktubu oxunub.
Sonda R.Eyvazova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü

SAYTDA AXTAR
 

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2017.