Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
7.4.2017

 

 

 

«Əmək Veteranı» medalına,

AMEA və Almaniyadakı Nizami adına Azərbaycan Mədəniyyəti İnstitutunun fəxri fərmanlarına,

Ən yaxşı vətənpərvər tədqiqatçı alim diplomu”na

və “Qızıl medal”ına,

Tuti Bikə” mükafatına layiq görülən tədqiqatçı alim, şərqşünas və şair,

filologiya elmləri doktoru, professor

Roza Hüseyn qızı Eyvazovanın 80 yaşı tamam olur.

 

Roza xanım Eyvazovanın anadan olmasının 80 illiyi və elmi fəaliyyətinin 60 illiyi münasibətilə Dilçilik İnstitutunun Elmi Şurasının qərarına əsasən 17 aprel 2017-ci il tarixində saat 11-00-da Kiçik akt zalında (II mərtəbə) Elmi Sessiya keçiriləcəkdir.

Roza xanımın həyatı, elmi və bədii yaradıcılığı ilə bağlı məqalə və məruzə mətnləri “Dilçilik İnstitutunun əsərlərinin xüsusi buraxılışı” adı ilə İnstitutun vəsaiti hesabına nəşr olunacaqdır.

Məqalə və məruzə mətnlərini 20 aprel 2017 tarixinə qədər “Sosiolinqvistika və Dil Siyasəti” şöbəsinə təqdim edə bilərsiniz.

  ***

ROZA HÜSEYN QIZI EYVAZOVA

Görkəmli şərqşünas,

Nəsimi adına Dilçilik İnstitutu Elmi və Müdafiə Şuralarının üzvü,

Azərbaycan Dövlət Pedaqoji Universiteti «Onomastika» cəmiyyətinin üzvü, Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisi,

filologiya elmləri doktoru, professor Roza Hüseyn qızı Eyvazovanın

80 yaşı tamam olur.

 

Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Bakı şəhəri Səbael rayonundakı 7 saylı məktəbi bitirmiş, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1959-cu ildə oranı Azərbaycan dili və İran filologiyası ixtisası üzrə bitirmişdir. O, 1966-cı ilə qədər Bakının 1 saylı internat-məktəbində fars dili fənnini tədris etmişdir. 1967-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1998-ci ildən 2014-cü ilə qədər Dilçilik İnstitutunun «Dil əlaqələri» şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda Dilçilik İnstitutunun “Sosiolinqvistika və dil siyasəti şöbəsi”nın baş elmi işçisidir.

R.Eyvazova 1978-ci ildə «Kişvəri Divanının dili» mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1996-cı il «Əfqanıstanda türk mənşəli toponimlər» adlı doktorluq dissertasiyasını uğurla müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.

Alimin yaradıcılığı çoxşaxəlidir. Onun elmi ictimaiyyətə təqdim etdiyi 200-ə yaxın əsəri dil əlaqələri, dilimizin tarixi və onomastikanın öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir: «Kişvəri Divanının dili» (1983), «Əfqanıstanda türk mənşəli toponimlər» (1995), «Orta əsr ədəbi dil əlaqələrinin Kişvəri əsərlərində təzahürü» (1999), «Kişvəri Divanının dili (morfoloji xüsusiyyətləri» təkmilləşdirilmiş nəşri (2005), «Bakı urbanonimləri» (2010) “ Bir daha ana dilimizin adı haqqında” (2014), «Dəricə-azərbaycanca lüğət» (2017), «Əfqanıstanda türk mənşəli toponimlər» - təkmilləşmiş nəşri (2017). Qədim dövrə və dil əlaqələrinə aid 60-a yaxın məqaləsi və s. bir çox əsərləri bu qəbildəndir.

R. Eyvazova Əfqanıstanda və İranda ezamiyyətdə olduğu zaman dilçiliyin aktual problemləri ilə məşğul olmuşdur. «“Varlıq” və Cavad Heyət», «“Varlıq” məcmuəsində aktual problemlər», «Azərbaycan və fars dillərində ismin kateqoriyaları», «Azərbaycan-Əfqanıstan əlaqələrinin toponimlərdə izi», «Azərbaycan-Əfqanıstan toponimik paralelləri, onların arealları və leksik-semantik xüsusiyyətləri», «Əfqanıstanda türk dillərinin araşdırılması», «Əfqanıstanda türkdilli atalar sözləri», «Əfqanıstanda türkdilli ədəbiyyat» və s. bu kimi məqalələrinin Azərbaycan-İran, Azərbaycan-Əfqanıstan dil əlaqələrinin öyrənilməsində böyük əhəmiyyəti vardır.

Roza Eyvazova bir sıra kollektiv əsərlərin əsas müəlliflərindəndir: «Azərbaycan toponimlərinin ensiklopedik lüğəti» (2007), «Azərbaycan ədəbi dili tarixi» (2007) , «Azərbaycan dilinin tarixi lüğəti».

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Nizami Gəncəvi - 870” 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən Roza Eyvazovanın təşkilatçılığı və redaktorluğu ilə “Nizami Gəncəvi – 870” (məqalələr toplusu, Bakı “Elm və Təhsil”, 2012, 302 s.) kitabı çap olunmuşdur.

Roza xanım «“Varlıq” dərgisində dilçilik məsələləri», «Mənbələr əsasında qədim şərq dillərinin öyrənilməsi», «Azərbaycan dili İrandakı türk etnoslarının dili kontekstində», «Azərbaycan və fars dillərində felin quruluşca və mənaca növlərinin müqayisəli tədqiqi» və s. mövzularda apardığı araşdırmalarla bərabər bir neçə şeirlər kitabının da müəllifidir: «Gəl dönək ötən günə» (2002), «Nağıl kimi şipşirindi bu dünya» (kollektiv – 2003), «Rəngbərəngdir ləçəkləri çiçəyin» (kollektiv – 2003), «Şuşada ağlayan çiçək» (2005), «7 qəlbin vətən eşqi» (kollektiv – 2007) və s.

Roza Eyvazova 20-yə qədər kitab və məcmuənin redaktorudur. Onun 3 kitabı Almaniya elektron kitabxanasına salınmışdır. Roza xanım Ekran-efirdə dilçiliyin müxtəlif problemləri ilə bağlı silsilə çıxışlar etmişdir. Azərbaycan Televiziyası onun haqqında “Ziyalı. Professor Roza Eyvazova (29.06.2016)” adlı film çəkmişdir.

Gənc alim və kadrların yetişməsində Roza xanımın əməyi böyükdür. 10-a qədər aspirant və dissertantların elmi rəhbəridir. 30-a qədər doktorluq və namizədlik dissertasiyalarının opponenti olmuşdur. Uzun müddət «Təfəkkür» Universitetində «İran filologiyası», «Azərbaycan ədəbi dili tarixi», «Azərbaycan dilinin tarixi qrammatikası», «Onomastika» fənlərindən və seçmə fənn kimi «Kitabi Dədə Qorqud» eposundan mühazirələr oxumuşdur.

Roza xanım Eyvazova Bakı, Ufa, Moskva, Kabul, Tehran, Təbriz, Urmiyyə, İzmir, Muğla, İstanbul, Ankara şəhərlərində, Kiprdə, Bosniya-Hersoqovinada, Macarıstanda, həmçinin Respublika daxilində keçirilən beynəlxalq konfrans və simpoziumlarda maraqlı çıxışları ilə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmişdir.

Uzun illər səmərəli əmək fəaliyyəti ilə bağlı SSRİ Ali Soveti Rəyasət Heyəti adından Oktyabr rayon Soveti İcraiyyə Komitəsinin 3 mart 1988-ci il qərarı ilə «Əmək Veteranı» medalı ilə, Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 70-illiyi ilə əlaqədar 17 oktyabr 2008-ci il № 21/7 qərarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilmişdir. 2012-ci ildə elm və mədəniyyət sahəsindəki layiqli xidmətlərinə görə Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti İnstitutu tərəfindən fəxri fərmanla təltif edilmişdir. Roza Eyvazova 2012-ci ildə Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə istedadlı gənc alimlərin hazırlanmasında, Əfqanıstanda türk mənşəli toponimlərin, Şumerlərin tarixinin, Azərbaycan ərazisində azsaylı xalqların dillərinin tədqiqində olan səmərəli elmi fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Dilçilik elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim diplomu və qızıl medalı ilə təltif edilmişdir. Roza Eyvazova gənc alimlərin yetişdirilməsində, vətən və xalq qarşısında əvəzsiz xidmətlərinə və elmin inkişafına verdiyi töhfələrə görə 2015-ci ildə “Tuti Bikə” mükafatına layiq görülmüşdür.

Ömrünüz uzun, canınız sağ, uğurlarınız daim və davamlı olsun Roza xanım!

Kamilə Vəliyeva,
Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor

Mayıl B. Əsgərov,
Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.