Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
1.2.2017

Qüdsiyyə QƏNBƏROVA

AMEA Nəsimi adına Dilçilik İnstitutu

Azərbaycan dialektologiyası şöbəsinin

aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə

doktoru, dosent

 

Zamandan güclü ömür

Son illər əziz müəllimlərimizin sıra sayını əsaslı şəkildə azaltdı… Sanki zamana “Dur! Bəsdir! Yetər artıq!” demək istəyirsən. Əslində mən də o fikirlə tam razılaşıram ki, müəllim ömrü bitmə bilməz. Müəllim ömrü öz tələbələrinin ömrünə calanıb uzandıqca uzanır.

Hər alimin ömrü də bir ayrı aləmdir. Ona görə “Alim öldü, aləm öldü” deyirlər ki, o alimin öz aləmi də sönən ömrü ilə bitib getdi. Ağamusa müəllimin dünyadan köç etməsi onu şəxsən tanıyan və bununla fəxr edən, eləcə də tanımadan onun varlığı ilə öyünənləri sarsıtdı.

Ağamusa Ağası oğlu Axundov 5 sentyabr 2015-ci ildə vəfat etdi. Bir anlığa düşünürəm ki, əbədi ayrılıqda valideynin və müəllimin neçə yaşda olmasının mahiyyəti yoxdur. Özünü fəxrlə Ağamusa müəllimin tələbəsi hesab edən hər kəs onun heç olmazsa bir cəhətini özündə yaşadır. Ağamusa müəllimin elmi bilik vermədə təmənnasız, elmi tələb etmədə tələbkar və güzəştsiz olmasını bilməyən tapılmaz. Ən çıxılmaz şəraitdə ən düzgün yolu göstərməyi əsirgəməyən əsl müəllim!   Allah vergisi Allah sevgisindən yaranır. Deyilənə görə, Tanrı məhəbbəti, tanrı nəzərində olmaq ilahinin qismətidir. Təfəkkür və bacarıq da taleyin hədiyyəsidir.

Hələ 2010- cu ildə Bakıda çapdan çıxan “Şəxsiyyət” adlı publisistik, ictimai-kütləvi jurnalın 5-ci sayı bütünlüklə Ağamusa müəllmin elmi və ictimai fəaliyyətinə həsr olunmuşdu. Həmin dərgi Ağamusa müəllimdən gətirilən bir epiqrafla başlayır: “Məncə, insanın ən böyük xoşbəxtliyi öyrəndiklərini başqalarına öyrətməkdir. Çox sevinirəm ki, mənim öyrətdiklərim sayca çoxdur və onlar dünyanın hər yerində fəaliyyət göstərirlər”.

Mən də onun tələbələrindən biri kimi deyə bilərəm ki, Ağamusa müəllim bütün həyatı boyu ancaq və ancaq dediyi kimi yaşamışdır. İndiki şəraitdə “Öyrənməyi öyrətmə” ni özlərinə görə yeni konsepsiya hesab edənlər də çox güman ki, Ağamusa müəllimdən görüb-götürüblər. Vaxtilə bir müxbirin ona verdiyi – “Öyrənməkmi asandır, yoxsa öyrətməkmi?” – sualına Ağamusa müəllim özünəməxsus cavab vermişdi: “Mənim üçün öyrənmək də öyrətmək də vacibdir. Birincidə özün zənginləşirsən, ikincidə öyrətdiklərin şəxsiyyət kimi formalaşır”.

  A.A.Axundov 1932-ci il fevralın 2-də Kürdəmirdə anadan olmuşdur. 1940-1950-ci illərdə Kürdəmir şəhərinin 365 saylı beynəlmiləl dəmiryol orta məktəbini qızıl medalla bitirmiş, eyni zamanda Fəhlə-gənclər məktəbininin rus bölməsini əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini 1955-ci ildə “Nizami” təqaüdü ilə bitirmişdir. 1958-ci ildə “Feilin zaman kateqoriyası (Azərbaycan dili materialları əsasında)” namizədlik dissertasiyası müdafiə etmişdir. ADU-nun Ümumi dilçilik kafedrasına müəllim və daha sonra baş müəllim təyin olunmuşdur. 1962-ci ildə dosent elmi adını almışdır. 1964-cü ildə “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1965-66-cı illərdə Qahirənin Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından ingilis dilində mühazirə oxumuşdur. 1967-ci ildə professor elmi adını almış və Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin dekanı seçilmişdir. 1990-cı ilə qədər bu vəzifəni icra etmişdir. 2001-ci ildən 2010-cu ilə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru olmuşdur. 2001-2010-cu illər Ağamusa müəllimin AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə akademik katiblik dövrüdür. A.A.Axundov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

  Akademik A.Axundov XX əsrdə Azərbaycan dilçilik elminin yetişdirdiyi əsas simalardan biridir. Alimin mənsub olduğu elmi nəsil dilçiliyin müxtəlif sahələrində öz imzasını qoymuşlar. Ağamusa müəllimin elmi irsi filologiyanın bütün səviyyələrini əhatə edir. Ağamusa müəllimin yaradıcılığında dil və ədəbiyyatın sintezi daim nəzarətdə olmuşdur.

Ağamusa müəllim dünyəvi alim idi. Onun fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmamışdır. A. Axundov Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyasının bir çox şəhərlərində , eləcə də Yaponiya, İraq, Türkiyə və s. ölkələrdə Azərbaycandakı dilçilik elminin təmsilçisi kimi fəaliyyət göstərmişdir. Təkcə onu demək yerinə düşər ki, A.Axundov 1965- 1966-cı illərdə Qahirənin Eyn-Şəms Universitetində ingilis dilində Azərbaycan dili və ədəbiyyatından dərs demişdir.

Taleyin verdiyi şanslardan mənsub olduğu xalqın və onun dilinin tanınması və təbliği naminə böyük məharətlə istifadə edən bu böyük insanın “Mən nə etmişəmsə, xalqım üçün etmişəm” deməklə bunu tamamilə təsdiq etmişdir.

Akademik A.Axundovun AMEA-da fəaliyyət göstərdiyi illər Azərbaycanın öz müstəqilliyini yenidən qazanması illərinə təsadüf edir. Bu illərdə, məlum olduğu kimi, Türkiyə Cümhuriyyəti ilə qarşılıqlı elmi əlaqələrin intensivləşməsi nəzərə çarpırdı. Heç də təsadüfi deyildir ki, həmin zamanlar “Azərbaycan Dialektoloji lüğəti” (I, II ciltler, Ankara 1999, 2003) kaynak kitabı, Prof.Dr. Ahmet Bican Ercilasunun desteyi ilə və Prof. Dr. A.Axundovun təşəbbüsü ilə Türk Dil Qurumunda yayınlanmışdır. Eyni zamanda I Türkoloji Qurultayın 80 illiyinin Bakıda keçirilməsi (2006-cı il) baş tutmuşdur.

Zəngin nəzəri elmi bazası və təcrübi vərdişlərə sahiblik bacarığı Ağamusa müəllimin nüfuz dairəsinin geniş olmasına imkan verirdi.

Bir dəfə bir jurnalistin “Hind-Avropa Dil Qrupu adlı bir termin var. Əslində isə Hindistandan Avropaya qədər türklər yaşayır” sualına Ağamusa müəllim: “Doğrudan da, Hindistandan Avropaya kimi əsasən türk xalqlarının dilində danışılır. ... Biz qohum dil deyəndə dillərdə olan sözlərin sayına görə yox, cümlə quruluşuna əsasən fikir yürütməliyik. Cümlənin quruluşu, danışığın tərzi, intonasiya, mübtədanın əvvəldə və xəbərin sonda işlənməsi dillərin qohumluğunu sübut edən faktorlardandır... Əlbəttə, dünyada türk dili çox əzəmətli dildir. Geniş ərazidə yayılmış dildir. Dünya xalqlarının kök dilini axtarası olsaq, bəlkə də, bu dil əsas dillərdən biri ola bilər. Çünki bu dildə danışanlar elə dünyanın mərkəzində yaşayırlar. Dünyanın ən inkişaf etmiş əraziləri bu dildə danışanların məkanıdır. Və bu çox böyük bir ərazini əhatə edir” – deyə münasibətini bildirmişdir.

Təsadüfi deyildir ki, bütün türk dünyasının ”hocaların hocası”, “türkologiyanın başı” kimi epitetlərlə qiymətləndirdiyi mərhum Tofiq Hacıyev Ağamusa müəllimi səciyyələndirən bir hökmü ilə nöqtə qoymuşdur: “O, dilçiliyimizin özüdür”.

Deməli, hələ dilçiliyin özündə Ağamusa müəllimin elmi irsinin tədqiqatı aktual məsələ olaraq qalır.

İndi bütün ali təhsil müəssisələrinin universitet adlandırıldığı bir zamanda da “Mən Universitetdə oxumuşam” – deyən filologiya fakultəsinin keçmiş məzunları fəxrlə “mənim müəllimim Ağamusa müəllim olmuşdur” – deyib öyünürlər.

Bütün böyük sanballı titullarına baxmayaraq, hamının “Ağamusa müəllim” deyə söylədiyi çox sadə, çox təvazökar, çox qayğıkeş insan dünya şöhrətli alim və şəxsiyyət idi, mənim böyük müəllimim!

Mən Ağamusa müəllimin dünya ədəbiyyatından etdiyi tərcümələrdən xəbərdar olsam da, şeir yazdığını bilməmişəm. Ancaq, görünür ki, ömrün hansı dövründə isə qeybdən gələn bir səs bu sətirləri ona pıçıldamışdır:

Hər il ömrümdən 365 gün

Qoparar, aparar.

Bir gün gələcək,

Qurtaracaq ömrümün illəri.

...Bu ömür qəlbimin, beynimin övladı.

Onu mənə heç kim bağışlamadı.

Özüm qazanmışam bu ömrü,

Özüm.

Yatmayan beynim,

Dincəlməyən əllərim,

Yuxu şirəsi dadmayan iki gözüm

Qazanıb bu ömrü.

Onu məndən

Nə ölüm ala bilər,

Nə də ki zaman.

Bu ömürlə zamandan da

Güclüdür insan.

Uzun ömrün sərt və ciddi təcrübəsi göstərir ki, zamanla döyüşən insanlar var. Ancaq mənə elə gəlir ki, bu ən böyük müəllim olan həyatın gələcək insan nəsilləri üçün qoyduğu ibrət dərsinin ən bariz, əyani timsalıdır. Bu əyani vasait konkret bir insanın timsalında simvollaşır – Ağamusa müəllim kimi.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.