Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.11.2015

Tofiq Hacıyevlə Vida mərasimi

Noyabrın 28-də respublikanın görkəmli dilçi alimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyev son mənzilə yola salınıb.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Akademik Tofiq Hacıyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

Matəm mitinqini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib.

Akademik İ.Həbibbəyli Azərbaycanda dilçilik, humanitar və ictimai elmlərin görkəmli nümayəndəsi, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, akademik T.Hacıyevin simasında Azərbaycan elmi böyük dilçi alimi itirib. T.Hacıyev hələ gənc yaşlarından elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminə böyük töhfələr verib, bütün ömrünü bu sahəyə həsr edib.

Qeyd edilib ki, T.Hacıyev həm ölkəmizdə, həm də türk dünyasında tanınan, böyük nüfuza malik alim idi. Bakı Dövlət Universitetini (BDU) bitirən T.Hacıyev ölkəmizin ən gənc elmlər namizədi və elmlər doktorlarından biri olmuşdu. Onun həyatının 46 ili BDU ilə bağli olub. Görkəmli alim 1969-cu ildən ömrünün sonunadək bu ali məktəbdə dosent, professor, müəllim, kafedra müdiri kimi çalışıb, filologiya, dilçilik elminin, türkologiyanın inkişafında mühüm xidmətlər göstərib. Onun dilçilik elmi sahəsindəki fəaliyyəti bir neçə istiqaməti əhatə edir. Hələ gənc yaşlarında “Azərbaycan dialektinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edən alim Azərbaycan dialektologiya elminə layiqli töhfəsini verib. Dialektologiyada keçid prosesləri anlayışını sistemli şəkildə Azərbaycan elmində daha çox T.Hacıyev gerçəkləşdirib. O, Azərbaycan ədəbi dilinin tarixi istiqamətində sanballı tədqiqatları ilə də məşhur idi. Azərbaycan dilçilik elmində özünəməxsus yeri və rolu olan akademik eyni zamanda professional ədəbiyyatşünaslıq istiqamətində də mühüm xidmətlər göstərib. T.Hacıyev yaradıcılığında üslubiyyət məsələləri ilə bağlı elmin bu sahəsinə də sanballı töhfələr verib. Alimin dilçilik elminin inkişafındakı xidmətlərindən söz açan akademik İ. Həbibbəyli onun bu sahədə elmi məktəb yaratdığını, bütün mənalı ömrünü dilçilik elminin inkişafına həsr etdiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti bildirib ki, alimin “Sabir: qaynaqlar və sələflər”, “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz” kitabları elmi ictimaiyyətin rəğbətlə qarşıladığı əsərlərdir. Akademik T.Hacıyev “Аzərbaycan ədəbi dili tarixi” dərsliyinin, “Azərbaycan ədəbi dili tarixi”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan dili tarixi”, “Azərbaycan dili” kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Qeyd edilib ki, T.Hacıyev kadr hazırlığı sahəsində də çox işlər görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün çoxlu elmi işçi yetişdirib. Onun elmi yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlar mühüm yer tutur. Akademik T.Hacıyev 2014-сü ildən bu günədək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Gözəl ailə başçısı, təvazökar və səmimi insan olan T.Hacıyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Vida mərasimində çıxış edən Xalq Yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Türkiyənin Bilkənt Universitetinin bölgə proqramları departamentinin direktoru Rasim Özürək akademik T.Hacıyevin dilçilik elminin inkişafındakı xidmətlərindən, zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, ömrünün yarıdan çoxunu Azərbaycan dilçilik elminin inkişafına həsr edən T.Hacıyevin zəngin irsi gələcək nəsillərə layiqli töhfədir. Görkəmli alimin sanballı elmi fəaliyyəti Azərbaycan dilçilik elminin parlaq səhifələrindən birini təşkil edir. Akademik T.Hacıyev dilçilik sahəsində məktəb yaradıb. Onun dilçilik elminin müxtəlif aktual problemlərini, o cümlədən müəyyən istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.

Türk dünyasının nüfuzlu alimlərindən olan T.Hacıyev bu sahədə müxtəlif beynəlxalq mükafatlara layiq görülüb.

Mərhumun ailəsi adından çıxış edən oğlu Azər Hacıyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Mətbuat xidməti

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.