Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
29.7.2015

Dilçilik İnstitutunun yeni direktoru planlarını açıqladı

Ötən həftəsonu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsindən istefa verən akademik Tofiq Hacıyevin yerinə təyin edilən Füzuli adına Əlyazmalar İnstitutunun keçmiş elmi işçisi, professor Möhsün Nağısoylu “a24.az”a açıqlama verib, yeni planlarından danışıb.

Möhsün Nağısoylu saytımıza açıqlamasında deyib ki, direktorluq vəzifəsinə yeni təyin olunduğu üçün ətraflı danışmaq onun üçün həm tez, həm də çətindir: “Amma bununla belə, deyə bilərəm ki, AMEA-nın Dilçilik İnstitutunun kollektivi, xüsusilə bu elm ocağının bir sıra görkəmli alimləri ilə şəxsən tanışam. Bu mənada düşünürəm ki, əl-ələ verib dilçiliyin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərəcəyik. Gələcək planlara gəldikdə isə, calışacağıq ki, birinci növbədə, elmi- tədqiqat işimizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quraq”.

M.Nağısoylu, həmçinin şəxsi planları və düşüncələrini də açıqlayıb: “Ana kitabımız Dədə Qorqud dastanından tutmuş klassik ədəbiyyat nümunələrimizin çoxunda bir sıra qədim Azərbaycan-türk sözləri işlənib. Onların ayrıca lüğəti hələ də əldə yoxdur. Odur ki, gələcək planlarımdan və çoxdankı arzularımdan biri bu istiqamətdə, yəni klassik ədəbiyyat nümanələrimizdəki Azərbaycan-türk sözlərinin ayrıca lüğəti kimi hazırlanamasından ibarət ola bilər. Görkəmli dilçi alim Vaqif Aslanov hələ keçən əsrin 80-ci illərində bir müsahibəsində deyirdi ki, belə bir lüğət hazırlamağı düşünürük. Amma təəssüf ki, hələ də elə bir lüğət əldə yoxdur. Ona görə də düşünürəm ki, konkret olaraq yeni planlarımızdan biri həmin lüğətin hazırlanması ola bilər. İkincisi, son 20-30 ildə dilimizə çoxsaylı yeni sözlər daxil olub, amma bunların ayrıca izahlı lüğəti yoxdur. Düşünürəm ki, belə bir lüğətin hazırlanması məqəsəduyğun olardı. Bundan başqa, regionların, xüsusən Qarabağ bölgəsinin dialektoloji atlasını işləmək lazımdır. Mənim bildiyimə görə, bu istiqamətdə müəyyən işlər görülür və hesab edirəm ki, bu prosesi davam etdirmək olduqca vacibdir. Eyni zamanda, dilçilik elmini başqa elm sahələri ilə, məsələn, fəlsəfə, psixologiya elmi ilə əlaqələri istiqamətində işlər görmək olduqca vacibdir. Düşünürəm ki, institutun prioritet istiqamətlərindən biri də dünya dilçilik mərkəzləri, o cümlədən türk dilçilik mərkəzləri ilə əlaqələrə önəm verilməsi olmalıdır. Belə əlaqələr var, amma istəyirik ki, münasbətləri daha da inkişaf etdirək. Hesab edirəm ki, qədim dilləri öyrənmək yönündə işləri canlandırmaq lazımdır. Onu da qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin digər bir sərəncamı Dilçilik İnstitutunun maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı olub. Deyə bilərəm ki, işimizi bu istiqamətlərdə qurmağa çalışacağıq. Ümumiyyətlə, bizim qarşımıza böyük vəzifələr qoyulub”.

O ki qaldı struktur, kadr islahatlarına, professor deyib ki, Dilçilik İnstitutunda ümidverici gənclər var. Onun planlarına görə, ilk növbədə, həmin gənclərin potensialından istifadəyə üstünlük veriləcək: “Hesab edirəm ki, gənclərimizin imkanlarından istifadə etməliyik. Azərbaycan dilçiliyinin dünya səviyyəsində təbliğ etmək lazımdır. Bundan başqa, tarixi dilçilik istiqamətində işlər görməliyik. Məsələn, məşhur bir lüğət var-İbn Mühənna. Həmin lüğət iğıq üzü görməyib. Bundan başqa, Hinduşah Naxçıvaninin (Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi-13-14-cü əsrlər-red) lüğəti var. Düzdü, həmin lüğət çap edilib, amma tələm-tələsik və az sayda olub. Bu mənada düşünürəm ki, sadaladığım planların həyata keçirilməsi Dilçilik İnstitutunun nüfuzunun artmasına töhfə verəcək”.

Dilçilik İnstitutunun direktoru əlavə edib ki, rəhbəri olduğu elm ocağının işçilərinin çoxu məzuniyyətdədir və onlar qayıdandan sonra görüşü, söhbətləri olacaq: “Hələ yeni təyin edilmişəm, kollektiv bir yerə toplaşandan sonra görüşlərimiz və tək-tək söhbətlərimiz olacaq. Onların planlarına baxacam. Təbii ki, razılaşma əsasında müəyyən işlərimiz, yeniliklərmiz olacaq”.

O, qarşıda duran vəzifələr və planlarının Dilçilik İnstitutunun Elmi Şurasında müzakirə ediləcəyini söyləyib və bildirib ki, ümumiləşmiş təkliflər AMEA rəhbərliynə təqdim ediləcək.

Atif Sarıxanlı

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.