Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.5.2015

İsa Həbibbəyli
akademik

Diqqət: Orfoqrafiyada iki "y"dan biri

Ümumiyyətlə, Azərbaycan dilinin orfoqrafiya prinsiplərinin elmi şəkildə müəyyən olunması, ölkəmizdə bir neçə dəfə “Orfoqrafiya lüğəti”nin nəşr edilməsi mühüm mədəni-tarixi hadisə sayılmağa layiqdir.

Orfoqrafiya elmi Azərbaycan dilçiliyinin böyük nailiyyətlərindən biridir.

Azərbaycan orfoqrafiyası bir neçə nəslin yüksək yazılı təfəkkürünün formalaşmasında, yazı mədəniyyətinin inkişafında xüsusi rol oynamışdır. Dilçi alimlərimizin böyük səyləri və zəhmətləri hesabına meydana çıxmış “Orfoqrafiya lüğəti” ölkəmizdə Azərbaycan dilinin nizamnaməsi səviyyəsində qəbul edilmişdir. Orfoqrafiya işi dilçilik mühitinin sədlərini aşaraq, geniş mənada humanitar və ictimai düşüncənin mövzusuna çevrilmiş, ümumxalq işi miqyasında qəbul edilmişdir.

Buna görə də, Azərbaycan dilində orfoqrafiya qaydalarında müəyyən tarixi dövrlərdə dəyişikliklərin aparılmasını ölkəmizdə yazılı ədəbi dilin inkişafı, daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlardan hesab etmək olar. Orfoqrafiyada başlıca və mühüm yenilik Azərbaycan dilinin daxili inkişaf qanunlarının lazımınca müəyyənləşdirilməməsi nəticəsində əlifbaya daxil edilmiş g, ə, ö hərflərinin sonralar əlifbamızdan çıxarılması ilə bağlı dəyişikliklərin edilməsi zamanı nəzərə çarpmışdır. Eləcə də bir vaxtlar -stan şəkilçisinin yazılışı, apostrofun əlifbadan çıxarılması ilə bağlı müəyyən sözlərin (feil, şeir) yazılışında da dəyişikliklər edilmişdir. Bu istiqamətdə orfoqrafiya qaydalarının əsasən sabitləşməsini tətbiqi dilçiliyimizin əsas uğurlarından hesab etmək olar. Lakin illər keçdikcə orfoqrafiya qaydalarında düzəlişlər etmək daim zamanın sifarişi kimi meydana çıxır.

Məlum olduğu kimi, tarixi inkişaf prosesinin ayrı-ayrı dövrlərində digər dünya dilləri ilə birlikdə Azərbaycan ədəbi dilinin lüğət tərkibinə müxtəlif tarixi, ictimai-siyasi amillərlə əlaqədar olaraq xarici dillərin: ərəb və fars, rus və Avropa dillərinin təsirləri olmuşdur. Ərəb və fars dillərinin Azərbaycanda yayılmasının və dərin təsirə malik olmasının obyektiv səbəbləri hamıya məlumdur. VII əsrdən etibarən xilafətin himayəsində olan ölkələrin vahid qanun-qaydaya tabe olmaları, hətta pul-sikkə vahidliyi, bütün işlərin əsasən bir dildə - ərəb dilində aparılması uzun zaman ərzində zərurətə çevrilmişdir. Xüsusən, XI əsrdən sonra ərəb və fars dillərinin təsiri ilə Azərbaycan dilinin lüğət tərkibinə çoxlu sayda sözlər keçmişdir. Ədəbi dilimizdə bu proses dərin izlər salmışdır. Azərbaycan ədəbi dilinin təşəkkülü və inkişafı dövründə mənşəcə dilin öz sözlərinin müxtəlif sahələrə aid anlayışları ifadə etməsi daha səciyyəvi olmuşdur. Ancaq orta əsrlərdə bu proses xarici dil amillərinin, o cümlədən, də ərəb və fars dillərinin Azərbaycan dilinə təsiri ilə müşahidə olunmuşdur. Bədii və elmi əsərlərin ərəb və fars dillərində yazılması bir neçə əsr ərzində norma kimi qəbul olunmuşdur. Hətta bu meyl müəyyən mənada Azərbaycan dilini zənginləşdirmişdir. Lakin ana dilində yazan Azərbaycan ədəbiyyatı klassiklərinin, dövrün görkəmli ziyalılarının əsərlərində ərəb-fars alınmaları geniş yer tutmuşdur. Bu proses orta əsrlərin sədlərini aşaraq yeni dövr sayılan XIX əsrə qədər gəlib çatmış, XX əsr ərzində bir qədər zəifləsə və dəyişsə də əsasən öz mövqeyini qoruyub saxlamışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan elmi də Şərq elmi məktəbi zəminində inkişaf etdiyinə görə Rusiya ilə əlaqələrin gücləndiyi dövrədək dilin lüğət tərkibində ərəb və fars alınmaları üstünlük təşkil etmişdir. XIX əsrdən etibarən Azərbaycan dilinə rus-slavyan sözləri daxil olmağa başlamışdır. Bununla belə, Azərbaycan ədəbi dilinin formalaşma və inkişafı prosesində ərəb-fars alınmaları uzun zaman iştirak etdiyi üçün onların əksəriyyəti dilin səs quruluşuna və qrammatik qanunlarına uyğunlaşmışdır. Hətta bir çox ərəb mənşəli alınma terminlər Azərbaycan dilində şəkilçi qəbul edərək yeni məzmunlu anlayışlar yaratmışdır. Məsələn, riyaziyyatçı, kəşfiyyatçı, istilaçı, zərflik və s. Bundan başqa, alınma sözlərin bir qismi dildə məhdud dairədə işlənmiş, dilin normalarına cavab vermədiyinə görə tədricən yeniləri ilə əvəzlənməyə məruz qalmışdır. Xüsusilə, izafət birləşmələri, mürəkkəb və çətin anlaşılan sözlər zaman-zaman sadələşmiş və hətta dildən çıxmışdır. Məsələn, qanuni-qüvvə, ictimaiyyun-amiyyun (sosial-demokrat), idareyi-firqiyyə, dərəcəyi-izafi, elani-ümumi qəbilindən olan sözlər XX əsrin birinci yarısından sonra işlək mühitdən çıxmışdır. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq bəzən də Avropa mənşəli terminlər hesabına dildə əvəzlənmə prosesi baş vermiş, terminlər çox olsa da Azərbaycan dili ağır tələffüz edilən sözlərdən sadələşməyə doğru inkişaf etmişdir. Bədii ədəbiyyatda da eyni proses müşahidə olunur. Xüsusən, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Süleyman Sani Axundov və başqalarının əsərlərinin dili sadə xalq danışıq dilinə doğru inkişaf etmişdir. Vaxtilə Mirzə Fətəli Axundzadə yazırdı ki, qələm sahibləri adət edilməmiş qəliz kəlmələri işlətməkdən çəkinməlidirlər. Böyük mütəfəkkir bu fikirdə idi ki, “Yazını danışıq dilindən həddindən ziyadə fərqləndirməsinlər. Yəni bir neçə mətləbi bir cümlə dairəsində ardınca və qarışıq yazmasınlar, bəlkə də qədim zamanlarda olan katiblərin əksinə olaraq, hər bir mətləbi ayrıca ifadə etsinlər ki, danışıq dilinə yaxın olsun...” Cəlil Məmmədquluzadə Azərbaycan dilində alınma faktoruna meyli, o cümlədən, “ərəb məxrəci”ni tənqid etmiş, ana dili amilini cəmiyyət həyatının ön xəttinə çəkmişdir. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri Ana Vətənlə birlikdə həm də Ana dilinin kitabıdır. Cəlil Məmmədquluzadə Zəhrəbanu ananın simasında Azərbaycan mənəviyyatının sadə, aydın, xəlqi ifadəsini əks etdirən obraz-abidə yaratmışdır. Əlibəy Hüseynzadənin “Açıq yazmağı da bacarmaq lazımdır” etirafı dildə sadələşməyə doğru hərəkatın XX əsrin əvvəllərinin bütün qütblərinin ana dilinə münasibətdə üstünlük qazandığını nəzərə çarpdırır. Bütövlükdə isə bu, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, ümumiyyətlə “Molla Nəsrəddin” ədəbi məktəbinin böyük hünəri idi. XX əsrin əvvəllərində, 1926-cı ildə Birinci Türkoloji Qurultayda latın əlifbasına keçid təkcə əlifba dəyişikliyini deyil, geniş mənada dil islahatlarını meydana qoymuşdur. XIX əsrdən etibarən Mirzə Fətəli Axundzadənin, Məhəmmədağa Şahtaxtlının və başqalarının uğrunda mübarizə apardıqları yeni latın əlifbası probleminin həlli dildə xəlqiləşmənin, millilik amilinin qüvvətlənməsində inqilabi dərəcədə böyük rol oynamışdır. “Təzə əsrin ibtidasında” fəaliyyət göstərmiş Yeni Əlifba Komitəsinin fəaliyyəti əslində Azərbaycan dilinin orfoqrafiyası, orfoepiyası, qrammatikası ilə əlaqədar, ana dili dərslikləri ilə bağlı nə varsa hamısını əhatə etmişdir. İlkin sistemli orfoqrafiya prinsiplərinin yaradılması, yazı qaydalarının müəyyənləşdirilməsi də XX əsrin əvvəlləri Azərbaycan ziyalılarının tarixi xidmətləridir.

Bütün bunlarla bərabər, fikrimizcə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazanmasından keçən dövrdə, qloballaşma şəraitində Azərbaycan dilində baş verən yeni proseslər orfoqrafiya qaydalarında da islahatlar aparmaq zərurətini meydana qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qloballaşma şəraitində Azərbaycan dilindən istifadənin genişləndirilməsi haqqında Dövlət Proqramına dair Sərəncamından irəli gələn vəzifələr dilçilik elminin digər sahələrində, o cümlədən də lüğətçilik və orfoqrafiya istiqamətlərində yeni islahatlara meydan açmışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında bu istiqamətlər üzrə müəyyən dəyişikliklər həyata keçirilməkdədir. Eyni zamanda, Azərbaycanın dilçi alimləri orfoqrafiya qaydalarının da yeniləşdirilməsi qayğıları ilə məşğuldurlar. Azərbaycan dilçilik elmində orfoqrafiya qaydalarına yenidən baxıldığı indiki şəraitdə alınma sözlərlə bağlı bir dil hadisəsi ilə əlaqədar mülahizələrimizi ictimaiyyətin diqqətinə çatdırmağı faydalı hesab edirik.

Fikrimizcə, Azərbaycan orfoqrafiyasında qoşa y samiti ilə olan sözlərin yazılışına yenidən baxmağa, bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac yaranmışdır. Müşahidələr göstərir ki, Azərbaycan dilində qoşa y samiti ilə olan sözlərin mütləq əksəriyyəti -iyyat//-iyyət şəkilçisi ilə düzələn alınma sözlərdən ibarətdir. Bu şəkilçilərlə ifadə olunan sözlərin funksiyalarına ilk dəfə akademik Ağamusa Axundov elmi şəkildə münasibət bildirmiş, həmin sözlərin təsnifatını aparmışdır. Əvvəla, etiraf etmək lazımdır ki, ərəb dilinə məxsus -iyyat//-iyyət şəkilçisi ilə düzəlib ictimai-siyasi, habelə mədəni-məişət anlayışlarını ifadə edən bu sözlər dilimizi yeni ictimai məna çalarları ilə zənginləşdirmişdir. Məsələn, ictimaiyyət, hakimiyyət, cəmiyyət, ümumiyyət, müvəffəqiyyət, mənəviyyat, bəşəriyyət, ədəbiyyat və sair kimi sözlərin Azərbaycan dilində özünəməxsus xüsusi çəkisi mövcuddur. Bununla yanaşı, artıq bu qəbildən olan sözlərin müəyyən hissəsi başqa sinonim sözlərlə əvəz edildiyinə görə arxaikləşmişdir. Məsələn, sövtiyyat, vəhsaniyyət, qövmuyyət, məhcubiyyət, həqqaniyyət, məzuriyyat, tipli sözlər dildə işləkliyini tamamilə itirmişdir. Qoşa y ilə yazılan belə sözlərin böyük bir hissəsi isə hazırda da ədəbi dildə öz işləkliyini qoruyub saxlamışdır. Bundan başqa, iki yanaşı y hərfi ilə yazılan sözlərdən ümumxalq danışıq dilinə daxil olanlar da az deyildir: qabiliyyət, qalibiyyət, ezamiyyət, vəsiyyət, qətiyyət, əziyyət, əhəmiyyət, ziddiyyət, mədəniyyət, xasiyyət, şəxsiyyət, nailiyyət və s.

Eyni zamanda, Azərbaycan dilinin qrammatik qayda-qanunlarına uyğun şəkildə işlənən -iyyət şəkilçili sözlərin bir qismi isə dilin öz şəkilçiləri olan -lıq, -lik şəkilçiləri ilə əvəzlənmişdir. Məsələn, əsəbiyyat-əsəbilik, azadiyyat-azadlıq, ruhaniyyət-ruhanilik, bərabəriyyət-bərabərlik, bədiyyat-bədiilik, məğruriyyət-məğrurluq, məcburiyyət-məcburluq kimi sözlər, necə deyərlər, “milli şəkilçilər” hesabına Azərbaycan kəlmələrinə çevrilmişlər. Bundan başqa, -iyyət şəkilçisi ilə yazılan sözlərdən bir çoxu artıq Azərbaycan dilinin daxili imkanları hesabına tam yeni sözlərlə əvəz olunmuşdur. Akademik Ağamusa Axundov Azərbaycan dilində “istiqlaliyyət” yerinə müstəqillik, bəşəriyyət əvəzinə insanlıq, qabiliyyət yerinə bacarıq, qalibiyyət-qələbə, əksəriyyət-çoxluq, əbədiyyət-ölümsüzlük... sözlərinin işlədildiyini diqqət mərkəzinə çəkmişdir. Dildə həmin proses genişlənməkdə, davam etməkdədir. Artıq neçə illərdir ki, cümhuriyyət əvəzinə respublika sözü dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Deməli, qoşa y samiti ilə yazılan sözlər alınma olsalar da ən müxtəlif şəkildə Azərbaycan dilində əsasən sabitləşmiş, bundan sonra da yaşamaq haqqı qazanmışdır. Necə deyərlər, bu sözlər artıq bizim dil sərvətimizdir. Buna görə də qoşa y samiti ilə yazılan sözlərlə əlaqədar baş verən, müşahidə edilən prosesləri izləmək artıq alınma sözlərə yox, Azərbaycan dilinin fonetikası ilə bağlı məsələlərə diqqət yetirmək deməkdir.

Bu mənada bizim diqqət mərkəzinə çəkdiyimiz əsas məsələ qoşa y samiti ilə yazılan sözlərin artıq tək y səsi ilə tələffüz edilməsi faktından ibarətdir. Müşahidələr göstərir ki, Azərbaycan dilində - iyyət şəkilçisi ilə yazılan sözlərin mütləq əksəriyyətinin artıq bir y- ilə tələffüz oldunduğu nəzərə çarpmaqdadır. Belə ki, “Orfoqrafiya lüğəti”ndə qoşa y ilə ədəbiyyat şəklində yazılsa da, tələffüzdə artıq bir y ilə ədəbiyat deyilir.

Maliyə kimi bir y ilə tələffüz olunmasına baxmayaraq, hələ də bu qəbildən olan sözlər iki yanaşı y ilə yazılır.

Fikrimizcə, bu prosesin baş verməsi Azərbaycan dilinin daxili enerjisinə uyğun olaraq aşa bildiyin mühüm bir məqamdır. Göründüyü kimi, dilimiz tələffüz etibarilə daha da asanlaşmağa doğru gedir, yazımız isə hələ də keçmiş qaydalara əsaslanır. Ona görə də indiki şəraitdə qoşa y ilə yazılan sözlərin orfoqrafiyasına yenidən baxmağa xüsusi ehtiyac vardır. Çünki yanaşı iki y ilə yazılan sözlərdən tələffüz prosesində eyni səsdən biri artıq düşmüşdür. Ona görə də bu qəbildən olan sözlərin Azərbaycan dilinin qanunlarına uyğunlaşdırılması günümüzün aktual məsələlərindəndir. Xüsusilə, ümumxalq danışıq dilində daha çox işlənən ədəbiyyat, mədəniyyət, ziddiyyət, xasiyyət, əhəmiyyət, əziyyət, şəxsiyyət, milliyyət, xasiyyətnamə, hakimiyyət, muxtariyyət, kəşfiyyat, keyfiyyət, ünsiyyət, əməliyyat, riyaziyyat, nəşriyyat, mənsubiyyət, nailiyyət, əksəriyyət, ictimaiyyat tipli sözlərin yazılışında qoşa səsinin orfoepiyasında artıq y səslərindən birinin işlənməməsi y-nın tək, ayrıca səslənməsi dilçilərimizi, orfoqrafiya qaydalarını yenidən hazırlayan alimlərimizi düşündürməlidir. İndiki mərhələdə qoşa samitlərin yanaşı işlənməsi, xüsusən iki y ilə yazılan sözlərin eyni adlı tək samitlə tələffüz edilməsi “Orfoqrafiya lüğəti”nə müəyyən düzəlişlərin edilməsi zərurətini meydana çıxarır. Bunu hazırda dilimizdə aktiv olan aşağıdakı sözlərin yazılışında və tələffüzündəki fərqlərlə daha aydın surətdə izləmək mümkündür:

Mənəviyyat, eyniyyət, ezamiyyət, əməliyyat, ətriyyat, məmnuniyyət, məzuniyyət, insaniyyət, ünsiyyət, bəşəriyyət, məcburiyyət, cahiliyyət, ictimaiyyat, cümhuriyyət, cinsiyyət, davamiyyət, müdiriyyət, məhdudiyyət, hakimiyyət, məhkumiyyət, məhrəmiyyət, hürriyyət, hissiyyat, həssasiyyat, xüsusiyyət, muxtariyyət, mükəlləfiyyət, külliyyat, əksəriyyət, kəşfiyyat, keyfiyyət, qabiliyyət, məğlubiyyət, istiqlaliyyət, iqtisadiyyat, qövmiyyat, qeydiyyat, madiyyat, mədəniyyət, mülkiyyət, məmnuniyyət, mənsubiyyət, nisbiyyət, nəşriyyat, nailiyyət, rəsmiyyət, riyaziyyat, məsuliyyət, səlahiyyət, islamiyyət, məşğuliyyət, şəxsiyyət, məşrutiyyət, təbiyyat, mövcudiyyət, müvəffəqiyyət, vəsiyyət, vəsiyyətnamə, irsiyyət, vəziyyət, ziddiyyət və s.

Hazırkı şəraitdə yuxarıda qeyd etdiyimiz tipli sözlərin yazılışında tələffüzdə eyniləşdirmək üçün iki y samitindən birini atmağın zamanı çatmışdır.

Tələffüzdə qoşa y samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur. Qoşa yazılan iki y səsindən birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına uyğunlaşdırır.

Yanaşı gələn y səslərindən birinin ixtisarı Azərbaycan dilində kiçik də olsa, yazıda sadələşməyə doğru bir addımdır.

Hesab edirəm ki, qoşa y səslərindən tək y samiti ilə deyilən və yazılan sözlərə keçid Azərbaycan dilinin özünün daxili enerjisi hesabına etdiyi islahatdır. Yazıda qoşa y-dan tək y səsinə keçid alınma sözlərin Azərbaycan dilinə uyğunlaşdırılması hadisəsi kimi də əhəmiyyətlidir. Dildə, danışıqda gedən islahat dilçilik elmindən kənarda qala bilməz. Və onu da düşünürəm ki, qoşa y səsi ilə yazılan sözlərdə həmin səslərdən birinin danışıq dilindən çıxması Azərbaycan dilinin müasir mənzərəsində baş verən yeganə hadisə deyildir.

Belə oxşar elementləri digər qəbildən olan sözlərin tələffüzü ilə yazılışı arasında da görmək mümkündür.

Ona görə də dilimizdə müşahidə edilən bütün dil hadisələrinin tənzimlənməsinə imkan yaradan qrammatik qanunvericilik hazırlanmalıdır ki, qarşıya çıxan başqa bənzər digər dəyişikliklərin də yazılışının tənzimlənməsi həvəskar səviyyəsində yox, professionallıqla həll edilə bilsin. Fikrimizcə, müstəqillik dövrü Azərbaycan dilinin orfoqrafiya qaydalarına bütövlükdə yenidən baxmaq, keçmişdən mövcud olan qaydalarda yaxşı olan nə varsa, hamısını saxlamaq, varisliyi qorumaq, lakin dilimizin müasir inkişafı, hazırda və dilçilik elmində gedən proseslərlə bağlı olan yeniləşmələr yeni qaydalarda öz əksini tapmalıdır.

“Orfoqrafiya qaydaları” Azərbaycan yazılı dilinin nizamnaməsidir. Yeniləşmiş orfoqrafiya nizamnaməsinin hazırlanmasına nail olmamaq tək-tək dilçilik hadisələrinə ayrı-ayrılıqda baxmağa istiqamətləndirə bilər.

Məsələyə yenidən qayıdılırsa, sistemli yanaşma həlli zəruri olan ən vacib məsələlərdən biridir.

Eyni zamanda, “Orfoqrafiya lüğəti”nin təzədən, yeni prinsiplər nəzərə alınmaqla hazırlanmasına, müzakirəyə çıxarılmasına və nəşrinə çox həssas və məsuliyyətli münasibət tələb olunur. Orfoqrafiya qaydaları kimi ümumxalq işi olan bir məsuliyyətli və şərəfli vəzifənin həyata keçirilməsində heç şübhəsiz dilçi alimlərin üstünlük təşkil etməsi ilə bərabər, həmin prosesdə humanitar və ictimai elmlərin digər sahələrini təmsil edən ziyalıların, mətbuat nümayəndələrinin də iştirakı bu işə yalnız fayda gətirə bilər.

XX əsrin əvvəllərində tanınmış əlifba islahatçısı və ictimai xadim Məhəmmədağa Şahtaxtlı yazırdı: “Bir kəlmə ki, bir dildən ayrı dilə keçdi, bu son dilinki deyilişinə görə yazılıb oxunmalıdır”. Bu prinsip bütün dövrlər üçün qüvvədə olan qızıl qaydadır. Bunu orfoqrafiya qaydalarının orfoepiya ilə tənzimlənməsi üzrə bir qanunvericiliyi də adlandırmaq olar. Deməli, yeni orfoqrafiya qaydalarına doğru başlanan proses Azərbaycan dilinin orfoepiya normalarını da yenidən işləmək zərurətini meydana çıxarır.

Ümumiyyətlə, yenidən hazırlanmasına zərurət yaranmış orfoqrafiya və orfoepiya qaydaları dünya ilə sıx ünsiyyət və dialoq şəraitində Azərbaycan dilinin hərtərəfli inkişafına kömək etməli, ana dilimizin keşiyində dayanmağa yol açmalıdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.